Prosesləri quran qüvvələr İranın parçalanmasını istəmirmiş kimi görünür

ELAZ.İNFO

İranın mövcud idarəçilik modelində dini sistemin zəiflədilməsi istiqamətində proseslərin başladığı görünür. İlkin addım atıldı Xamenei öldürüldü və növbəti mərhələdə teokratik sistemin əsas dayaqlarının sıradan çıxarılması və ya nüfuzdan salınması istiqamətində daha ciddi addımlar atıla bilər. Hətta məhdud miqyaslı hərbi çevriliş ssenarisi də istisna edilmir.
Prosesləri quran qüvvələr İranın parçalanmasını istəmirmiş kimi görünürlər. Lakin əsas məqsədlərinin nə olduğu tam aydın deyil. Güman etmək olar ki, mümkün hakimiyyətsizlik fonunda Azərbaycanın və Türkiyənin proseslərə ciddi təsir imkanlarından çəkinirlər və bu iki dövlətin birbaşa müdaxiləsini arzuolunan hesab etmirlər. Çünki belə halda mövcud planların pozulması ehtimalı yüksək olardı.
Ehtimal variantlardan biri də sistem daxilindən, özlərinə yaxın olan fars fiqurlardan birinin hakimiyyətə gətirilməsi ola bilər. Çünki inqilabi dəyişiklik yolu seçilsəydi, Cənublu qardaşlarımızın əsas söz sahibi kimi prosesə ciddi şəkildə daxil olması, bunun isə ağır qarşıdurma və qanlı nəticələr doğurması mümkündü. Bu halda Cənubi Azərbaycan dövlətinin formalaşması ehtimalı da güclənə bilərdi, xüsusilə arxasında 2-3 qardaş dövlətin dayanması fonunda.
Hazırkı mərhələdə Cənublu qardaşlarımızın müstəqil və güclü siyasi təşəbbüs ortaya qoyacağı ehtimalı zəif görünür. Daha çox ümidlərin indiki prezident Məsud Pezeşkiana bağlandığı hiss olunur. Pezeşkianın bu mürəkkəb mərhələdə real dəyişiklik edə bilib-bilməyəcəyi, yoxsa tarixdə Nərimanov, Əlheydər və Musabəyov kimi sistem daxilində qalan fiqurların taleyini yaşayacağı yaxın dövrdə aydınlaşacaq.

Şaban Nəsirov

İctimai-siyasi ekspert

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights