Azərbaycanın sülh təşəbbüsləri region üçün yeganə çıxış yoludur”

ELAZ.İNFO-nun regiondakı gərginlik və Azərbaycanın mövqeyi ilə bağlı suallarını Milli Cəbhə Partiyasının (MCP) Salyan təşkilat sədri Ruslan Məmmədov cavablandırıb.

— Ruslan bəy, Yaxın Şərqdə və regionumuzda gərginlik pik həddədir. ABŞ, İsrail və İran arasında ritorika güclənir. Bu, Azərbaycan üçün hansı riskləri yaradır?

— Vəziyyətin həssaslığını anlayırıq. Regionumuz böyük geosiyasi oyunların mərkəzindədir və gərginliyin artması qaçılmaz olaraq ətraf ölkələrə, o cümlədən Azərbaycanın maraqlarına təsir edə bilər. Lakin bizim mövqeyimiz prinsipialdır: Azərbaycan hər zaman sülh tərəfdarıdır.

Biz, regionda ərazi bütövlüyünə qarşı atılan istənilən addıma, günahsız insan təlafatına həmişə qarşı olmuşuq. Bu mürəkkəb dönəmdə milli maraqlarımıza söykənən, balanslı və məsuliyyətli yanaşmanın vacibliyini anlayırıq. Risk olsa da, təhlükəsizlik tədbirləri bu riskləri minimuma endirmək gücündədir.

— Gərginliyin artdığı bu məqamda bəzi siyasi şərhçilər fərqli proqnozlar verir. Bir rəsmi olaraq, sizin fikriniz, analiziniz necədir? Nələrə əsaslanır?

— Bilirsiniz, bu cür həssas məqamda fərdi düşüncə və ya emosional şərhlər vermək doğru olmazdı. Belə vəziyyətlərdə dəqiq siyasi hesablama və dərin analiz lazımlıdır. Bu isə birbaşa sərrast politoloqların işidir. Bəli, Milli Cəbhə Partiyasında çox savadlı politoloqlar və təhlilçilər var. Onların peşəkar təhlillərinin yanında mənim fərdi düşüncəmi ön plana çıxarmağım siyasi etika baxımından düzgün olmazdı. Biz partiya olaraq kollektiv və elmi yanaşmaya üstünlük veririk.

— Sizi tanıyanlar ictimaiyyətlə sıx işləyən rəsmi kimi tanıyırlar. Belə olan halda, sizi “həvəskar politoloq” adlandırmaq olarmı?

— Xeyir, bu ifadə ilə razılaşa bilmərəm. Politologiya elmdir, ya varsınız, ya yoxsunuz. Mən özümü politoloq deyil, ölkəmizin əsgəri, xalqımızın xidmətçisi olmağa çalışan bir insan, bir partiya rəsmisi hesab edirəm. Mənim vəzifəm dövlətimizin maraqlarını ictimaiyyətə düzgün çatdırmaq və partiyamızın siyasi xəttini yerlərdə təmsil etməkdir.

— Son olaraq, Azərbaycanın bu gərginlikdə tutduğu mövqeyi necə dəyərləndirirsiniz?

— Milli Cəbhə Partiyası olaraq inamla deyə bilərik ki, müstəqil xarici siyasət kursunu birmənalı şəkildə dəstəkləyirik. Bizim ali məqsədimiz güclü və müstəqil Azərbaycanın maraqlarını qorumaqdır. Biz nə kiminsə tərəfindəyik, nə də kiməsə qarşıyıq; biz yalnız Azərbaycanın tərəfindəyik! Regionda baş verən hadisələr bir daha sübut edir ki, biz hər an ayıq-sayıq olmalı və milli birliyimizi qorumalıyıq. Dövlət-xalq birliyi bizim ən böyük gücümüzdür.

ELAZ.İNFO

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights