Rusiya maliyyə bazarında ipoteka kreditləri üzrə faiz dərəcələrinin azaldılması dalğası başlayıb. Ölkənin aparıcı kredit təşkilatları bazar şərtlərinə uyğun olaraq yeni və daha cəlbedici ipoteka proqramlarını elan ediblər.
ELAZ.İNFO xəbər verir ki, prosesin önündə gedən “Sber” fevralın 26-dan etibarən bazar ipotekası üzrə dərəcələri 0,5–0,7 faiz bəndi civarında aşağı salır. Yeni şərtlərə əsasən, ilkin ödəniş 20,1%–30% olduqda minimal faiz dərəcəsi 15,7% təşkil edəcək. Analoji addımlar digər iri banklar tərəfindən də atılıb: Alfa-bank: Müəyyən proqramlar üzrə minimal dərəcəni 18,59%-ə endirib (ilkin ödəniş 50%-dən yuxarı olduqda) Sovkombank: Proqramdan asılı olaraq faizləri 1–1,5 faiz bəndi azaldaraq minimal həddi 19,99% səviyyəsində müəyyən edib.
Ekspertlər qeyd edirlər ki, bankların bu qərarı Rusiya Mərkəzi Bankının fevralın 13-də uçot dərəcəsini 15,5%-ə endirməsindən sonra gözlənilən idi. Bazar iştirakçılarının fikrincə, fevral ayından etibarən həm ilkin, həm də təkrar mənzil bazarında canlanma müşahidə olunur. Lakin VTB kimi bəzi iri banklar hələlik tələsməyəcəklərini və mərkəzi tənzimləyicinin martın 20-də keçiriləcək növbəti iclasının nəticələrini gözləyəcəklərini bəyan ediblər.
Mütəxəssislər vurğulayırlar ki, ipoteka faizlərinin gələcək dinamikası birbaşa inflyasiya gözləntilərindən və Mərkəzi Bankın monetar siyasətindən asılı olacaq.
Ruslan MƏMMƏDOV