Salyan bizim doğma yurdumuz, hər bir daşına və hər bir insanına bağlı olduğumuz məkandır. Bu gün həm bir vətəndaş, həm də ölkənin ictimai-siyasi həyatında iştirak edən bir şəxs kimi düşünürəm ki, ən böyük xidmət dövlətimizin qüdrətlənməsinə və xalqımızın rifahına real töhfə verməkdir. Siyasət bizim üçün sadəcə bir rəqabət meydanı deyil; siyasət vətəndaşın səsinə çevrilmək, dövlət rəhbərliyi tərəfindən yaradılan geniş imkanların hər bir ailənin süfrəsinə, hər bir sakinin həyatına maneəsiz çatmasını təmin etmək üçün qurulan bir körpüdür.
ELAZ.İNFO xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) Salyan təşkilat sədri Ruslan Məmmədov dövlət-vətəndaş münasibətləri, sosial islahatların icraatındakı reallıqlar və bölgənin inkişafı barədə geniş təhlillərini bölüşüb. Ruslan Məmmədov qeyd edib ki, ölkə başçısı tərəfindən müəyyən edilən strateji kurs xalqın rifahının yüksəldilməsinə yönəlib və bu istiqamətdə bütün imkanlar səfərbər edilib:
Möhtərəm Prezident İlham Əliyev xalqın rifahı üçün nə lazımdırsa edib, lazımi qanunvericilik bazasını və güclü maddi təminatı yaradıb. Bu gün dövlətin siyasi iradəsi vətəndaşın yanındadır. Lakin biz ictimai nəzarəti həyata keçirən tərəf olaraq soruşmalıyıq: vətəndaş yerlərdə bu şəraitdən tam və ədalətli şəkildə yararlana bilirmi? Təəssüf ki, ünvanlı sosial yardımın verilməsində, əlillik təyinatında və digər sosial qayğılarda hələ də bürokratik ləngimələr, süni maneələr mövcuddur. Millət vəkili Razi Nurullayev parlament tribunasından dəfələrlə bu boşluqları ən yüksək səviyyədə səsləndirsə də, yerlərdə hələ də icraat problemləri qalmaqdadır. Bizim əsas vəzifəmiz dövlətin qoyduğu uca hədəflərin yerlərdə bəzi məmurlar tərəfindən yubadılmasına və ya kölgədə qalmasına imkan verməməkdir.
MCP rəsmisi vurğulayıb ki, fərqli siyasi baxışa malik olmaq dövlətçilik prinsiplərindən kənarlaşmaq deyil, əksinə, islahatların effektivliyini artırmaq üçün bir vəsilədir. Salyanda aparılan müşahidələr göstərir ki, xüsusən məşğulluq və kiçik sahibkarlığın qarşısındakı “görünməz sədlər” aradan qaldırılmalıdır. Məsələn, Razi Nurullayevin irəli sürdüyü “minimum 30 iş yeri yaradan layihələrin dövlət ehtiyacı kimi tanınması” təşəbbüsü, dövlət başçısının sahibkarlığın inkişafı ilə bağlı verdiyi tapşırıqların real həyatda tətbiqini sürətləndirmək üçün mükəmməl bir hüquqi mexanizmdir. Biz bu təkliflərlə dövlətimizin iqtisadi sütunlarını daha da möhkəmləndirməyi hədəfləyirik. Salyandakı yerli sakinlərlə görüşlərdə qaldırılan yol, su və infrastruktur məsələləri ictimaiyyətin dövlətdən gözləntiləridir. Ruslan Məmmədovun sözlərinə görə, bu problemlərin həlli üçün dövlət qurumları ilə sağlam dialoq qurulmalıdır:
Məmur da, siyasi təşkilat təmsilçisi də xalqa xidmət etmək üçün var. Biz problemləri qeyd edərkən dövlətin quruculuq xəttinə dəstək veririk ki, ‘Abad Azərbaycan’ ideyası ölkənin hər bir guşəsində vətəndaşın üzündə təbəssümə çevrilsin.
Ruslan Məmmədov bildirib ki, Salyan gənclərinin potensialını dövlət quruculuğuna cəlb etmək, onlara yerli imkanlar yaratmaq prioritetdir. Sosial ədalətin qorunması dövlətin daxili sabitliyinin qarantıdır. Bizim fəaliyyətimiz qütbləşmə yaratmaq deyil, dövlətin yaratdığı imkanlarla vətəndaşın ehtiyacı arasında səmimi və şəffaf bir ünsiyyət qurmaqdır.
Ruslan MƏMMƏDOV