Polis Əməkdaşı Həlak Oldu, Yaralılar Var

Rusiya paytaxtının mərkəzi hissəsində qanlı hadisə baş verib. Savyolovsk vağzalı yaxınlığında törədilən partlayış nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşı həyatını itirib.

ELAZ.İNFO xəbər verir ki, fevralın 24-nə keçən gecə saat 00:05 radələrində Moskvada, Savyolovsk vağzalı yaxınlığında xidmət aparan Dövlət Yol Polisi avtomobilinə naməlum şəxs yaxınlaşıb. Həmin an baş verən güclü partlayış nəticəsində cinayətkarın özü və bir polis əməkdaşı hadisə yerində dünyasını dəyişib.

Rusiya Daxili İşlər Nazirliyinin (“MVD Media”) yaydığı məlumata görə, partlayışın gücü xidməti avtomobilin kuzovunu daxildən deformasiyaya uğradıb. Hadisə nəticəsində daha iki polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili xəstəxanaya yerləşdirilib. İstintaq Komitəsi yaralıların vəziyyətinin nəzarət altında olduğunu bildirib. Rusiya İstintaq Komitəsi faktla bağlı dərhal cinayət işi açıb. Hazırda araşdırmalar aşağıdakı iki maddə üzrə aparılır: Hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd; Partlayıcı qurğuların qanunsuz dövriyyəsi.

İlkin ehtimallara görə, hücum edən şəxs partlayıcı qurğunu polislərin bilavasitə yaxınlığında işə salıb. Hadisə yerinə çoxlu sayda ekspert və xüsusi xidmət orqanlarının əməkdaşları cəlb olunub. Moskva hüquq-mühafizə orqanları hadisənin terror aktı olub-olmadığını və cinayətkarın kimliyini müəyyənləşdirmək üçün genişmiqyaslı əməliyyat-istintaq tədbirləri həyata keçirir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights