İraq hökuməti strateji əhəmiyyətli “Qərbi Qurna-2” neft yatağının idarəçiliyini Amerikanın Chevron korporasiyasına təhvil verib. Qeyd edək ki, bu yatağın idarəçiliyində əsas pay sahibi Rusiyanın “Lukoyl” şirkəti idi.
ELAZ.İNFO xəbər verir ki, sənədlərin imzalanma mərasimi İraqın Baş naziri Məhəmməd əs-Sudaninin iştirakı ilə baş tutub. İraqın rəsmi İNA agentliyinin məlumatına görə, yerli “Basra Oil Company” ilə “Chevron” arasında iki ilkin saziş imzalanıb. Bu müqavilələrdən birincisi məhz “Qərbi Qurna-2” yatağının idarəçiliyinin amerikalılara verilməsini nəzərdə tutur. Xatırladaq ki, cəmi bir neçə gün əvvəl — fevralın 17-də İraq hökuməti “Lukoyl” şirkəti ilə hasilat əməliyyatlarının yerli şirkətə təhvil verilməsinə dair “sülh yolu ilə tənzimləmə” sazişini təsdiqləmişdi. İndi isə həmin idarəçilik rəsmən ABŞ nəhənginə ötürülüb.
Ekspertlər bu addımı İraqın neft sektorunda Rusiya təsirinin azalması və ABŞ şirkətlərinin mövqelərinin güclənməsi kimi qiymətləndirirlər. Sazişin detalları hələlik tam açıqlanmasa da, bu dəyişikliyin regiondakı enerji siyasətinə ciddi təsir göstərəcəyi gözlənilir.
Ruslan MƏMMƏDOV