Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının sədri Antoniu Koştanın sabah Ukraynaya planlaşdırılan səfəri ləğv edilə bilər. Buna səbəb Brüsselin Kiyevə vəd etdiyi dəstək paketləri ilə bağlı razılığın hələ də əldə olunmamasıdır.
ELAZ.İNFO xəbər verir ki, bu barədə məlumatı nüfuzlu “Politico” nəşri yayıb. Məlumata görə, Avropa rəhbərləri Kiyevə 20-ci sanksiyalar paketi və 90 milyard avroluq kredit müqaviləsi ilə getməyi planlaşdırırdılar. Lakin Aİ-nin 27 ölkəsinin səfirləri hələ də sanksiya layihəsi üzərindəki fikir ayrılıqlarını aradan qaldıra bilməyiblər. Nəşr vurğulayır ki, hazırkı vəziyyətdə Aİ rəsmilərinin Ukrayna paytaxtına “əliboş” getmək ehtimalı olduqca yüksəkdir.
Brüssel üçün vəziyyəti çətinləşdirən əsas amil Macarıstanın mövqeyidir. Rəsmi Budapeşt 20-ci sanksiyalar paketini tamamilə bloklayacağını bəyan edib. Macarıstanın tələbi odur ki, Brüssel Ukraynanı yanvarın 27-dən kəsilmiş “Drujba” kəməri vasitəsilə Rusiya neftinin tranzitini bərpa etməyə məcbur etsin.
Qeyd edək ki, Avropa Komissiyası 20-ci sanksiyalar paketini fevralın 24-nə qədər — müharibənin ildönümündə “güclü siqnal” kimi təsdiqləmək istəyirdi. Lakin daxili ziddiyyətlər bu planın reallaşmasını sual altına qoyur.
Ruslan MƏMMƏDOV