Dilimiz milli kimliyimiz, milli dövlətçilik məsələmizdir

ELAZ.İNFO xəbər verir ki, hazırda dünyada 7 mindən artıq dilin mövcud olduğu hesab edilir. Dünya əhalisinin 2/3 hissəsi ən geniş yayılmış 40 dildə danışır. Qalan 1/3 hissəsi isə 7 min dildə danışır! Ən geniş yayılmış dillər çin, hindi, ingilis, ispan, ərəb, rus, portuqal və fransız dilləridir.

Kommunikasiyanın inkişaf sürətinin artması ilə bağlı dillərin ölməsi prosesi də sürətlənir. Hazırda hər 2 həftədə 1 dil yoxa çıxır. Hesab edilir ki, 400-dən artıq dil ölmək üzrədir. Dillərin ölməsinin əsas səbəbləri qloballaşma və miqrasiyadır. Alimlərin proqnozlarına görə, indi mövcud olan dillərin yarıdan çoxu XXI əsrin ortalarında sıradan çıxacaq. Dillərin çoxu daha böyük dillərlə əlaqələrdən yox olurlar. Buna görə də dövləti olmayan azsaylı xalqların dilləri böyük təhlükə altındadır. Əgər ana dilini millətin uşaqlarının 70%-dən azı öyrənirsə, həmin dili itmək təhlükəsi gözləyir.

Ən maraqlısı budur ki, iri yad dilin mədəni təzyiqinə nisbətən iri qohum dilin mədəni təzyiqi dilin itməsi üçün daha təhlükəlidir. Bu təhlükə, məncə, bizim üçün də realdır.

Dostlar, dilimizi qorumaq borcumuzdur. Bu bizim milli kimlik, milli dövlətçilik məsələmizdir. Onsuz biz də bir millət kimi yoxuq. Dili assimilyasiya olunmuş bir xalqın dövlətinin başqa dövlət tərəfindən “assimilyasiya” olunması labüddür.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights