Viktor Medvedçuk: “Zelenski seçkiləri başlamadan uduzub”

“Digər Ukrayna” hərəkatının rəhbəri, Ukraynada fəaliyyəti qadağan edilmiş “Müxalifət Platforması – Həyat Naminə” partiyasının sabiq lideri Viktor Medvedçuk maraqlı iddia ilə çıxış edib. O, Ukrayna Prezidenti Vladimir Zelenskinin hələ seçkilər elan olunmadan siyasi məğlubiyyətə uğradığını bildirib.

ELAZ.İNFO xəbər verir ki, Medvedçuk öz müəllif məqaləsində Zelenskinin həm Vaşinqton, həm də Avropa üçün artıq əlverişsiz fiqura çevrildiyini qeyd edib. Medvedçukun fikrincə, Zelenski ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərinə müqavimət göstərdiyi üçün Ağ Evə mane olur. Eyni zamanda, Avropadakı müharibə tərəfdarları da artıq ondan üz döndərməyə başlayıblar. Siyasətçi iddia edir ki, Qərb dairələri öz siyasi uğursuzluqlarını və məğlubiyyətlərini məhz Zelenskinin üzərinə yıxmaq niyyətindədirlər.

Məqalədə vurğulanır ki, Zelenski 2019-cu ildə ona səs verən seçicilərin etimadını itirib və sülh siyasətindən imtina edərək öz vədlərinə xəyanət edib. Medvedçuk onu “müharibə partiyası”nın tələblərini də tam qarşılaya bilməməkdə ittiham edib.

Qeyd edək ki, Vladimir Zelenskinin prezidentlik səlahiyyətləri rəsmi olaraq 2024-cü il mayın 20-də başa çatıb. Rəsmi Kiyev hərbi vəziyyəti əsas gətirərək seçkiləri təxirə salsa da, bu məsələ beynəlxalq müstəvidə, xüsusən də Rusiya rəhbərliyi tərəfindən onun legitimliyinin itirilməsi kimi qiymətləndirilir. Rusiya Prezidenti Vladimir Putin də bəyan edib ki, Zelenskinin səlahiyyət müddəti və legitimliyi artıq başa çatıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights