ELAZ.İNFO xəbər verir ki, Dağıstanın paytaxtı Mahaçqala yaxınlığında yerləşən Yeni Huşət qəsəbəsində vəziyyət gərginləşib. Maye qaz sisternində baş verən yanğın və ardınca yaranan qaz sızması səbəbindən ərazidə yaşayan əhalinin təcili təxliyəsi həyata keçirilib.
Paytaxt meri Cambulat Salavovun verdiyi məlumata görə, qəza ilə əlaqədar Mahaçqala ərazisində “yüksək hazırlıq” rejimi elan olunub. Təhlükə zonasından çıxarılan sakinlər üçün şərait yaradılıb: 6 nömrəli tam orta məktəbdə operativ qərargah yaradılıb; Təxliyə olunanların təhlükəsizliyi və ehtiyaclarının qarşılanması üçün bütün zəruri addımlar atılıb.
Xatırladaq ki, hadisə qaz toplama stansiyasında qaz çəninin yanması ilə başlayıb. Faciə nəticəsində bir işçi həyatını itirib. Artıq baş vermiş hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 217-ci maddəsi (sənaye təhlükəsizliyi tələblərinin pozulması nəticəsində ehtiyatsızlıqdan adam öldürmə) ilə cinayət işi açılıb.
Hazırda Dağıstan rəhbəri Sergey Məlikovun tapşırığı ilə yaradılan xüsusi qərargah sızmanın nəticələrinin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin bərpası istiqamətində işləyir. Prokurorluq hadisənin başvermə səbəblərini araşdırır.
Ruslan MƏMMƏDOV