Sadiq Qurbanovun “Neft və davamlı inkişaf” adlı üçcildliyinin təqdimatı keçirilib

ELAZ.İNFO xəbər verir ki, Prezident Kitabxanasında Milli Məclisin komitə sədri, professor Sadiq Qurbanovun müəllifi olduğu “Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası” adlı üçcildlik fundamental nəşrin təqdimat mərasimi keçirilib. Əsər ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə yüksəldilmiş enerji siyasətinin elmi-nəzəri təhlilinə həsr olunub.

Kitabda Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü və suverenliyin təmin olunmasında enerji amilinin rolu faktoloji mənbələr əsasında şərh edilir. Nəşrin elmi rəyçisi, akademik Arif Həşimov vurğulayıb ki, əsər “resurs bolluğu–davamlı inkişaf” əlaqəsinin tədqiqi baxımından yüksək elmi aktuallığa malikdir. Xüsusilə üçüncü cilddə yer alan müqavilə və danışıqlara dair materiallar nəşrin sənədli əhəmiyyətini daha da artırır.

Təqdimat mərasimində dövlət və elm xadimləri, o cümlədən, Milli Məclisin komitə sədrləri və deputatlar, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Nazir müavinləri və SOCAR nümayəndələri, Ali təhsil müəssisələrinin rektorları, akademiklər və gənc tədqiqatçılar iştirak ediblər.

Tədbiri Milli Məclisin komitə sədri Əli Hüseynli yüksək səviyyədə idarə edib. Müəllif Sadiq Qurbanov çıxışında tədbirə ev sahibliyi edən Prezident Kitabxanasının rəhbəri professor Afət Abbasovaya və bütün qonaqlara öz dərin təşəkkürünü bildirib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights