Belə davranış stres və narahatlıq səviyyəsini artırır

ELAZ.İNFO

Mobil telefonlarla oynayanlar küçədə, ictimai nəqliyyatda başqalarına ciddi maneələr yaradır. Avtobusda və metro qatarlarındakı dirəklərdən tutmağa yer olmur, çünki telefon aludəçiləri salona girən kimi ilk həmin dirəklərə söykənir, ya da qapının ağzını kəsirlər. Ətrafdan təcrid olunmuş halında gəzən bu insanlardan fərqlənənlər demək olar, tamamilə azlıqda qalıblar. Dünən avtobusdan müşahidə edirəm, azyaşlı uşağın əlindən tutub yolu keçən qadın telefona necə qapılmışdısa, yolun ortasında bir də ayıldı ki, uşaq əlindən çıxıb başqa istiqamətə gedir.

Nəqliyyat vasitəsində mobil telefonlara qapılmağın təhlükəli olduğu barədə mütəxəssislər də xəbərdarlıq edir. Onların sözlərinə görə, nəqliyyat vasitəsi ilə hərəkət edərkən mobil telefonla oynamaq beyinə ciddi təzyiq yarada bilər. Mütəxəssislər bildirir ki, bu, diqqət dağılmasına səbəb olur və reaksiyaların gecikməsinə gətirib çıxarır. Beyin eyni anda yola və ekrana fokuslanmağa çalışdığından, sinir sistemi yorulur. Bu vəziyyət baş ağrısı və göz yorğunluğu kimi fiziki əlamətlərlə müşayiət olunur.

Alimlər qeyd edir ki, uzun müddətli diqqət parçalanması yaddaşın zəifləməsinə yol açır. Mobil ekranın işığı melatonin hormonunu azaldaraq yuxu ritmini pozur.

Psixoloqlar isə vurğulayır ki, belə davranış stres və narahatlıq səviyyəsini artırır. Beyin informasiyaları düzgün emal edə bilmədiyindən qərarvermə qabiliyyəti zəifləyir. Mütəxəssislər, xüsusilə gənclərin beyin inkişafı üçün bu vərdişdən çəkinməsini tövsiyə edir.

Nəticədə, nəqliyyat vasitəsində telefonla oynamaq yalnız təhlükəsizliyi deyil, həm də beyin sağlamlığını risk altına qoyur.

Rəsul MİRHƏŞİMLİ

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights