Yazılı təpə

ELAZ.İNFO

Yazılı təpə Qobustan qoruğunun ən mühüm məkanlarından biri olaraq, damğa xarakterli petroqlifləri ilə xüsusi əhəmiyyət daşıyır.

Burada insan və heyvan təsvirləri, ov səhnələri ilə yanaşı, forma və məzmun baxımından türk damğa sisteminə yaxın olan abstrakt işarələr də yer alır.

Qayalar üzərində həkk olunmuş xətti, bucaqlı, xaçvari və çəngəlli simvolların lakonikliyi, formaların sabitliyi və məqsədli yerləşdirilməsi onların təsadüfi cızıqlar deyil, dərin məna daşıyan nişanlar olduğunu göstərir.

Bu damğa tipli petroqliflər erkən dövrlərdə tayfa, kult və ya ərazi mənsubiyyətini ifadə edən rəmzlər kimi çıxış etmiş, bir çox hallarda sakral məna daşımışdır.

Yazılı təpə işarələrinin Türk mədəniyyətinin yayıldığı digər bölgələrdəki damğalarla oxşarlığı vahid işarə məkanının və qədim simvolik ünsiyyət ənənəsinin mövcudluğunu ortaya qoyur.

Bu baxımdan Yazılı Təpə Avrasiya miqyasında işarə mədəniyyətinin formalaşdığı mühüm mərkəzlərdən biri kimi dəyərləndirilə bilər.

Yazılı təpənin damğa petroqlifləri türk dünyagörüşünün, simvolikasının və sakral düşüncəsinin daş yaddaşı kimi bu günə qədər öz mənasını qoruyub saxlayır.

Əlavə olaraq qeyd etmək lazımdır ki, Yazılı təpə Dengirdağ – Tengridağ (Cingirdağ) massivinin bilavasitə yaxınlığında yerləşir.

Dağın adı “Tanrı / Tengri” anlayışı ilə bağlı olduğunu və bu ərazinin qədim dövrlərdə sakral məkan kimi qəbul edildiyini göstərir.

Məhz bu dağın ətrafında damğa tipli petroqliflərin sıxlığı, toponimika ilə qayalar üzərindəki işarələr arasında birbaşa ideoloji və simvolik əlaqənin mövcudluğunu adamı düşündürməməyə bilməz.

Bu baxımdan Yazılı təpənin damğaları yalnız işarə sistemi deyil, həm də Tanrı inancı və müqəddəs məkan anlayışının vizual ifadəsi kimi dəyərləndirilə bilər.

Mənbə: Petroqliflərin təsviri İsak Cəfərzadənin “Qobustan, qayaüstü rəsmlər” götürülüb.

Sabit COCULU

Tədqiqatçı

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights