ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın Roçester Universitetinin beynəlxalq fiziklər qrupu metal strukturların suyun üzərində qalmasını təmin edən xüsusi örtük hazırlayıblar. Bu örtük o qədər güclü hidrofol xüsusiyyətlərə malikdir ki, hətta ağır metal borular belə batmır.
Bu kəşfin sirri metalın səthinə lazer vasitəsilə vurulan mikroskopik “naxışlar”dadır. Lazer şüaları metalın həm daxili, həm də xarici səthində kiçik çıxıntılar və çökəkliklər yaradır. Bu struktur lotus yarpağında olduğu kimi suyun metal səthinə toxunmasına imkan vermir. Nəticədə borunun daxilində hava qabarcıqları yaranır ki, bu da qurğunun batmazlığını təmin edir.
Roçester Universitetinin professoru Qol Çunley bildirib ki, bu borular ən ağır şəraitdə belə sınaqdan keçirilib: “Biz borular üzərində çox sayda dəliklər açsaq da, onlar suyun səthində qalmaqda davam edir. Çünki hava borunun daxilindəki superhidrofob sahələrdə ilişib qalır və suyun daxil olmasının qarşısını alır”.
Mütəxəssislər hesab edirlər ki, bu texnologiya gələcəkdə “batmayan gəmilərin”, dəniz platformalarının və nəhəng üzən strukturların yaradılmasında istifadə oluna bilər. Həmçinin, bu borular vasitəsilə dəniz dalğalarından enerji əldə etmək üçün daha davamlı mühərriklər hazırlamaq mümkündür.
Hazırda alimlər bu texnologiyanı sənaye miqyasına çatdırmaq üzərində çalışırlar.
Ruslan MƏMMƏDOV