ELAZ.İNFO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edib. Dost İsrail Dövlətinin yüksək çinli şəxsinin Azərbaycana gəlməsi tarixi əhəmiyyət daşıyan hadisədir. Yüksək səviyyəli görüşdən məlum oldu ki, İsraillə Azərbaycan arasında bir sıra mühüm sahələrdə (xüsusilə su resurslarının idarə olunması, yüksək texnologiyalar, həmçinin süni intellekt sahələri) əməkdaşlıq məsələləri müzakirə olunub və bütün bunlar çağımızda hər iki ölkə üçün çox əhəmiyyətlidir.
Mükəmməl dostluğun təməlinə nəzər yetirmək istəyiriksə gəlin tarixə ekskurs edək.
30 aprel 1998-ci ildə İsrail dövlətinin 50 illiyi münasibətilə təşkil olunmuş qəbulda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi əməkdaşlıq tariximizə qızıl hərflərə yazılıb: “İsrail dövlətinin yaranması təkcə yəhudilər üçün yox, bütün dünya üçün əlamətdar tarixi hadisə olmuşdur. Əsrlər boyu böyük çətinliklər, böyük zillət və böyük əziyyət çəkəndən sonra, nəhayət, yəhudilər öz milli dövlətini və müstəqil ölkəsini əldə edə bilmişlər. Keçmiş zamanlarda dünyada bir xalqın o biri xalqa qarşı, bir ölkənin o biri ölkəyə qarşı təcavüzü və aparılan müharibələr, xüsusən soyqırımları ümumiyyətlə, bəşər tarixində çox ağır və sarsıdıcı izlər qoymuşdur. Yəhudilərə, yəhudi xalqına qarşı tarix boyu edilən ədalətsizliklər və nəhayət, İkinci dünya müharibəsi zamanı dəhşətli soyqırımı və yəhudilərin kütləvi surətdə öldürülməsi bütün bəşəriyyəti hiddətə gətirmişdir.
…Azərbaycan xalqı tarix boyu təcavüzə, zorakılığa qarşı və soyqırıma qarşı həmişə öz etirazını bildirmişdir. Baxmayaraq ki, Azərbaycan xalqının özü də belə dəhşətli hadisələrin qurbanı olmuşdur. Son iki əsr ərzində Azərbaycan xalqına qarşı edilmiş soyqırım hadisələri, halları hər bir insan üçün, hər bir xalq üçün onun nə qədər dəhşətli olduğunu bizə yaxşı bildiribdir. Ona görə də biz yəhudilərə qarşı edilən soyqırımı, onlara qarşı edilən vəhşilikləri həmişə pisləmişik və bu gün də pisləyirik. Eyni zamanda böyük məmnuniyyət hissi doğurur ki, 50 il bundan öncə bütün bu dəhşətlərə son qoyulmuşdur və yəhudi xalqı İsraildə öz milli dövlətini yaratmışdır. İndi dünya birliyində bir müstəqil dövlət kimi İsaril özünə layiq yerini tutur”.
Zəruri qeyd: Mən İsrail xalqını Bəşəriyyətə verdiyi böyük töhfələrə görə çox sevirəm…
Dostluğumuz əbədi olsun….
Etibar Əliyev