ELAZ.İNFO Ermənistanın “Hraparak” nəşrinə istinadən xəbər verir ki, “Sisakan” dəstəsinin keçmiş komandiri, ehtiyatda olan polkovnik Ashot Minasyan (Ashot Erkat) Ermənistan Ordusu Günü ərəfəsində dustaq olduğu “Vardaşen” həbsxanasından rüsvayçı bir müraciət yayımlayıb.
Minasyan öz müraciətində erməni cəmiyyətinin və ordusunun düşdüyü vəziyyəti “mənəvi aşınma” və “xəyanət” kimi qiymətləndirib. “Biz nə etdik, uşaqlar, biz nə etdik?” sualı ilə başlayan məktubda polkovnik etiraf edir ki, erməni xalqı öz əlləri ilə qurduğu “vətəni” (separatçı rejimin qalıqlarını – red.) qoruya bilməyib və maddi maraqlar naminə hər şeydən imtina edib.
“Anlayıram ki, hamımız günahkarıq, hamımız palçıq içindəyik, hamımız aldadılmışıq və hamımız satqınıq”, — diqqəti deyə Minasyan qeyd edib. O, hərbçi yoldaşlarına müraciət edərək, onları hazırkı hakimiyyətin siyasətinə boyun əyməkdə və “aciz hərbçilərə” çevrilməkdə ittiham edib. Erməni polkovnik müraciətində radikal ifadələr işlədərək, “məğlub olmuş orduları kimsə təbrik etmir, onlara ya rəhm edirlər, ya da nifrət bəsləyirlər” deyə vurğulayıb.
Qeyd edək ki, Ashot Minasyan Ermənistanda revanşist ideyaların daşıyıcısı kimi tanınır və hazırkı hakimiyyətin Azərbaycanla sülh prosesini dəstəkləyən siyasətinə qarşı çıxdığı üçün həbsdədir. Onun bu müraciəti Ermənistanın hərbi-siyasi elitasındakı dərin parçalanmanı və daxili böhranı növbəti dəfə sübut edir.
Ruslan MƏMMƏDOV