ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə oğurladığını artıq hamı bilir. Bu əməliyyat beynəlxalq cinayət və tam qanunsuzluqdur, amma hərbi cəhətdən əməliyyat çox uğurla həyata keçirilib.
Bu hadisə haqqında çox yazılır. Məni başqa şey maraqlandırır: ABŞ bununla nəyə nail oldu?
Axı ABŞ-ın məqsədi Maduronu yox, Venesuelanı ələ keçirmək idi.
Gəlin, araşdıraq ki, bundan sonra nələr baş verə bilər.
ABŞ prezidenti Tramp və dövlət katibi Rubio yazdılar ki, Maduro və xanımı narkoterrorizmə görə ABŞ məhkəməsinə veriləcəklər.
Bu necə ola bilər? Diplomatik toxunulmazlığı olan Venesuela prezidentini necə ABŞ məhkəməsinə vermək olar? Tutaq ki, ABŞ və bəzi başqa ölkələr Maduronu prezident kimi tanımırlar, bəs axı yüzdən artıq ölkə, həmçinin BMT onun prezidentliyini tanıyır.
Maduronun vəkilləri olacaqsa (olmaya bilməz), ABŞ necə sübut edəcək ki, Maduro narkoterrorçudur? Hətta Venesueladan ABŞ-a narkotika daşındığı sübut olunsa da bunu prezidentlə necə əlaqələndirmək olar? ABŞ-dan da harasa narkotika daşınır – onda Tramp da narkoterrorçudur?
Tramp 4 aylıq hədə-qorxu və şantajla Maduronu ölkədən getməyə və ölkənin “açarlarını” ona (və ya “sülh” nobelçisi Marina Maçadoya) verməyə məcbur edə bilmədi. Venesuela ilə müharibəyə girmək isə ABŞ-a və şəxsən Trampa çox baha başa gələ bilərdi. Əvvəl yazdığım kimi, oradan üzüsulu çıxmaq üçün nəsə etməli idi. Mən hesab edirdim ki, sudan və havadan 40-50 raket atıb, bəzi obyektləri partladandan sonra “Venesuelanı cəzalandırdım” deyərək çıxacaq. Əslində, bu Tramp üçün yenə biabırçı olsa da ən yaxşı çıxış yolu idi.
Lakin, göründüyü kimi, Tramp başqa yolu – bir neçə saatlıq əməliyyat keçirib, Maduronu oğurlamaqla Venesueladan guya qalib kimi uzaqlaşmağı seçdi. Məncə, əməliyyat uğurla keçirilsə də seçilmiş variant çox uğursuzdur. İndi Maduronun oğurlanması Trampın əsl probleminə çevriləcək.
Venesuela hakimiyyəti tam qanuni olaraq Maduronu geri tələb edəcək.
Dünyanın əksər ölkələri eynisini ABŞ-dan tələb edəcəklər.
Bu məsələ BMT TŞ-nin iclasına çıxarılacaq və ABŞ beynəlxalq adam oğurluğunda və ya cinayətdə günahlandırılacaq.
Bütün dünyada, xüsusən də Latın Amerikasının əksər ölkələrində ABŞ hərbçilərinə etibar sıfra bərabər olacaq (“ABŞ xoşu gəlməyən prezidenti oğurlaya bilər”).
Tramp demokratların və MAGA-çıların kəskin etirazları ilə üzləşəcək.
Maduronun işi uzandıqca Trampın reytinqi düşəcək (Konqresə aralıq seçkilər ilində bu çox təhlükəlidir).
Rəqibləri Trampı hətta məhkəməyə də verə bilərlər (buna Britaniya və onun proksiləri də çalışacaqlar).
Məntiqlə Tramp özünü böyük bir zibilə salıb. Bundan hansı çıxış you var?
Məncə, az-çox ümid verən çıxış yolu Venesuelada çevriliş etməkdir. Yəqin ki, Tramp buna çalışacaq. Maduro yaxın ətrafının, xüsusən də təhlükəsizlik xidmətində olan yüksək rütbəli şəxslərin xəyanəti olmadan oğurlana bilməzdi. İndi artıq həmin adamların başqa yolları qalmayıb – axıracan mübarizə aparıb, ölkədə çevriliş etmlidirlər, əks halda onları ağır cəza gözləyir. Amerika Venesuela hakimiyyətinə təzyiqlərini yenidən artırmalı, eyi zamanda onun agenturası ölkə daxilində ixtişaşlar yaratmalıdır. Ola bilər, ABŞ-da düşünürlər ki, prezident vəzfəsini icra edən vitse-prezident Delsi Rodriges Maduro nümunəsində yaxın ətrafından şübhələnməli və qorxusundan ABŞ-la sövdələşəyə getməlidir. Bundan sonrası isə ABŞ üçün asan olar.
Lakin hələ ki Rodriges güzəştə gedənə və qorxana oxşamır. ABŞ-ın narkobaron hesab etdiyi və başına $15 milyon mükafat qoyduğu müdafiə naziri Vladimir Lopezin də mübarizə aparmaqdan başqa yolu yoxdur. Venesuelada ABŞ agenturasının “ov mövsümü” başlayacaq.
Mənə elə gəir ki, ABŞ axırda məcbur qalıb Maduronu azad edəcək.
Bir sözlə, maraqlı hadisələr olacaq.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi