Ukrayna müharibəsi bütün döyüş taktikalarını dəyişib

…Yazının əvvəli bu linkdədir: – https://elaz.info/belə-vəziyyət-nəyə-səbəb-olur/

II DM-dəki kimi çöl döyüşləri yoxdur, çünki çöldə dronlardan can qurtarmaq mümkün deyil. Döyüşlər, əsasən, aşağıdakı obyektlərdə aparılır:

▪️meşə zolaqlarında;

▪️kəndlərdə və qəsəbələrdə;

▪️ən yaxşısı – şəhərlərdə (hər bina bir güclü müdafiə mənqətəsinə çevrilir).

Müasir müharibədə ən böyük problemlərdən biri də rotasiyadır (döyüşçülərin dəyişdirilməsi). Hər yer dronlarla izlənildiyindən düşmən tərəf rotasiyanı xüsusilə aşkar etməyə çalışır. Bu səbəbdən çox vaxt döyüşçülər aylarla rotasiya oluna bilmirlər, fiziki və psixoloji cəhətdən əldən düşür və döyüş tapşırığını yerinə yetirə bilmirlər.

Yaralıların təxliyəsi də problemə çevrilib. Yaralını bir və ya bir neçə nəfər təxliyə etməlidir. Yaralı daşıyanlar isə dronlar üçün asan hədəfə çevrilirlər. Yaralını zirehli texnika ilə daşımaq da problemlidir, iri texnika dronların “ən sevimli” hədəfidir. Buna görə də ölü-yaralı nisbəti əvvəlki müharibələrə nisbətən dəyişib.

Döyüş mövqeyinin təchizatı da çoxlu problemlər yaradır. Döyüş mövqeyinə daim ərzaq, sursat, yanacaq, tibbi vasitələr və s. daşınmalıdır. Düşmən dronları daşımaları çox çətinləşdirib. Ərzağı, tibbi ləvazimatları döyüş mövqeyinə dronlarla çatdırmaq olar, amma döyüş mövqeyində olanlar çoxdursa, bunu dronlarla etmək mümkün deyil. Sursat və yanacağı isə dronlarla daşımaq, ümumiyyətlə, mümkün deyil.

Müasir müharibədə döyüşçüdən tələb olunan ən vacib bacarıq bellə sürətlə işləməyi bacarmaqdır. Yaxşı yer qaza və yaxşı qaça bilən əsgərin sağ qalma şansı artır. Yəni bu bacarıqlar əsgər üçün yaxşı atəş açmaq bacarığından üstündür.

Dronlardan yeganə xilas dumandır – duman nə qədər qatı olursa, dronlar bir o qədər pis “görürlər”. Bu səbəbdən Ukrayna müharibəsində əsas əməliyyatlar duman mövsümlərində baş verir.

Ənənəvi hücum taktikaları tarixin arxivinə atılıb. İndi güclü silah zirehli texnika yox, hücumçudur. Əvvəllər belə hərbi ixtisaslaşma yox idi. Klassik hücumda zirehli texnika öndə gedir, düşmənin atəş xəttini yarırdı, arxası ilə isə piyada qoşunları (mexanikləşdirilmiş və ya qeyri) gedirdi. İndi belə hücum mümkün deyil. Piyada qoşunu da hücuma göndərmək axmaqlıq olardı. Buna görə də piyada qoşunundan hücumçular adlanan bölmə ayrılıb. Onlar qismən hava-desant qoşunlarının funksiyalarını yerinə yetirirlər, lakin fərqləri olduğu üçün hücumçu adlandırılıblar. Desant düşmənin arxasına atılır – indi bu çətinləşib. Hücumçu isə piyada qoşunu kimi düşmənin ön xəttinə hücum edir. Lakin onlar piyadalardan fərqli olaraq xüsusi hazırlanırlar.

Hücumçular 2-3 nəfərlik qrupla hücum edir və düşmənin ərazisində müəyyən mövqe tutaraq gizlənməyə çalışırlar. Onlar hücuma motosiklet və ya hər hansı yüngül və yüksək manevrli mülki texnika ilə qoşulurlar. Bəzən zirehli texnika ilə də qoşulurlar, lakin belə texnika hücumçuları düşmənin ön xəttinə 10 km məsafəyədək aparır, sonrakı məsafəni hücumçu qaçaraq qət etməlidir. Bütün bunları o dronlardan qorunaraq etməlidir. Çoxlu belə kiçik qruplar müxtəlif yerlərdən düşmən ərazisinə keçərək, orada mövqelər tutur və səssizcə komanda gözləyirlər və ya kəşfiyyat apararaq, komanda mərkəzinə məlumat verirlər. Müvafiq komanda veriləndə onlar gözlənilmədən düşmənə içindən və arxadan zərbə vurur, onların əsas obyektlərini ələ keçirirlər. Onlar üçün 1-ci dərəcəli məhv edilməli obyekt düşmənin dron qrupudur. Dron qrupu məhv edilən kimi piyada qoşunu, həmçinin zirehli texnika hücuma keçir.

Əlbəttə, dronlara qarşı müdafiə sistemləri hazırlanır. Lakin dronlar da sürətlə yenilənirlər. Ukrayna müharibəsində dünyanın bütün texnoloji ölkələri silahların təkmilləşdirilməsi üzrə amansız yarışa çıxıblar. Bu gün tətbiq olunan texnologiya 2-3 ay sonra köhnəlmiş və qeyri-effektiv sayılır. Bu müharibədə döyüş texnologiyasını sürətlə dəyişə bilən və onun sürətlə ucuz və kütləvi istehsalına nail ola bilən ölkə (blok) qalibdir. Başqa sözlə, müasir müharibədə qalib gəlməyin 4 əsas faktoru bunlardır:

▪️1. Texniki elmin yüksək səviyyəsi;

▪️2. Layihədən kütləvi istehsala sürətli keçid (bürokratiyanın ixtisarı);

▪️3. İstehsalı sürətlə artırmaq imkanı (istehsal gücü);

▪️4. İstehsalın ucuzluğu (yerli yanacaq, xammal və material bazasının olması).

Qeyd etdiklərim onu göstərir ki, müasir müharibəni keçən əsrin şablonları ilə təhlil etmək yanlış nəticələrə gəlməyə səbəb olur. Hələ də görürəm ki, müharibədə müdafiə olunan tərəflə hücum edən tərəflin canlı itkisi 1:3(4) nisbətində qiymətləndirən, tank hücumlarının olmamasını onları məhv edilməsi ilə əsaslandıran, sürətli hücumların olmamasını tərəfin zəif olmasına bağlayan “ekspertlər” var.

Ukrayna müharibəsi bütün döyüş taktikalarını dəyişib. Müasir ordu quruculuğunda bu müharibə təcrübələri hələ yaxşı öyrənilməyib. Hərbi akademiyalarda dərsliklər dəyişdirilməli, ordu quruculuğu və döyüşçü hazırlığı müasir tələblərə uyğunlaşdırılmalıdır.

P.S. Çox uzun olmasın deyə bu yazımda bir çox məsələlərə, o cümlədən hərbi donanma məsələsinə toxunmadım (orada da köklü dəyişikliklər baş verib).

P.P.S. Mən nə hərbçiyəm, nə hərbi mütəxəssis. Yazdıqlarım müşahidələrimə və hərbi mütəxəssislərin rəylərinə əsaslanır. Bəzi fikirlərim səhv də ola bilər.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights