Gənc nəslin fiziki və mənəvi inkişafında idmanın rolunun artırılması, ölkəmizin zəngin idman tarixinin və Olimpiya hərəkatı ənənələrinin təbliği istiqamətində mühüm tədbirlər davam etdirilir. İdman veteranlarının irsinin qorunması gənc idmançıların yeni qələbələrə ruhlandırılmasında böyük əhəmiyyət kəsb edir.
ELAZ.İNFO xəbər verir ki, Beynəlxalq Olimpiya Günü münasibətilə Bakı Gənclər Mərkəzində “Xatirələrdə yaşayanlar” adlı geniş tədbir keçirilib. Tədbirdə Azərbaycan idmanının unudulmaz simalarının əziz xatirəsi ehtiramla yad edilib, Olimpiya dəyərlərinin gələcək nəsillərə aşılanmasının vacibliyi xüsusi vurğulanıb.
Tədbirdə iştirak edən deputat Könül Nurullayeva “Azərbaycan İdman Veteranları” İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira Meftahətdinova başda olmaqla bütün idman veteranlarını və ölkə idman ictimaiyyətini Beynəlxalq Olimpiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edib. O, veteran idmançıların keçdiyi şərəfli həyat yolunun gənclər üçün ən böyük nümunə olduğunu və onların qazandıqları tarixi uğurların yeni nəsli daha böyük məqsədlərə ruhlandırdığını bildirib.
Ruslan MƏMMƏDOV
