Şəki rayonunun ucqar Qozlubulaq kəndində yerli sakinlərə məxsus təsərrüfata vəhşi heyvanların hücumu nəticəsində ciddi itki baş verib. Gecə saatlarında baş verən hücum nəticəsində 30-a yaxın qoyun-quzu ya tələf olub, ya da ağır yaralanıb.
ELAZ.İNFO xəbər verir ki, insident kənd sakini Orxan Babayevə və digər fermerlərə məxsus təsərrüfatlarda qeydə alınıb. Hadisənin təfərrüatları ilə bağlı danışan təsərrüfat sahibi Orxan Babayev bildirib ki, vəhşi heyvanların aqressivliyi və cəsarəti təəccüb doğurur. Onun sözlərinə görə, yırtıcılar hündürlüyü iki metrdən artıq olan hasarı asanlıqla aşaraq tövləyə daxil olublar: 10 baş heyvan yerindəcə məhv edilib. 13 baş heyvan ağır yaralanıb və onların yaşaması hazırda ciddi sual altındadır. Sakin canavarın canlı şəkildə sürüdən bir qoyunu apararaq uzaqlaşdığının şahidi olduğunu qeyd edib.
Orxan Babayevin sözlərinə görə, bu təsərrüfat onun ailəsinin əsas dolanışıq mənbəyi olub. Bütün vəsaitini qoyunçuluğun inkişafına sərf edən ailəyə dəyən maddi ziyanın məbləği təxminən 20 min manat təşkil edir. Bu, kənd şəraitində yaşayan bir ailə üçün olduqca ağır bir itkidir. Hazırda kənd sakinləri yırtıcıların yenidən hücum etməsindən narahatdırlar və aidiyyəti qurumlardan tədbir görülməsini gözləyirlər.
Ruslan MƏMMƏDOV
