Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiya – qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəd hesab olunur. Konvensiyanın özünəməxsusluğu ondan ibarətdir ki, digər beynəlxalq müqavilələrdə ümumi şəkildə insan üçün təmin olunan hüquqlar burada məhz qadın üçün nəzərdə tutulmuşdur. Digər müqavilələrdən fərqli olaraq Konvensiyanın əsasında digər beynəlxalq müqavilələrdə təmin edilən “bərabərlik” deyil, “ayrı-seçkiliyin ləğv olunması” durur ki, bu çox vacib məqamdır.
Konvensiyanın məqsədi qadınların bütün növ ayrı-seçkilikdən həqiqətən azad olunmasının təmin edilməsindən, qadınların inkişafı və özlərini realizə etməsi üçün bərabər imkanlar yaradılmasından ibarətdir. Qadınlara qarşı ayrı-seçkiliyin böyük bir hissəsi onların öz evlərində ərləri, digər ailə üzvləri və mənsub olduqları cəmiyyət tərəfindən həyata keçirilir.
Dünyanın bir çox ölkələrində ailəli qadınlar neçə uşaq doğacaqlarına, uşaqları necə böyüdəcəklərinə, işləyib-işləməyəcəklərinə dair özləri qərar verə bilmirlər. Qadınların bərabər hüquqlarının qanunlarda əks olunduğu ölkələrdə belə, qadına ev qadını olaraq baxılması stereotipləri qadınların təhsil və karyera sahəsində irəliləmək imkanlarını məhdudlaşdırır.
1993-cü il iyun ayının 25-də Vyana şəhərində keçirilən İnsan hüquqları üzrə Ümumdünya Konfransında qəbul edilmiş Fəaliyyət proqramı üzrə Bəyannamədə qadın və qızların hüquqları insan hüquqlarının ayrılmaz bir hissəsi kimi müəyyən edilmişdi. Bunu əsas götürərək, milli, regional və beynəlxalq səviyyədə qadınların tam və bərabər siyasi, sosial, mədəni, iqtisadi, ictimai həyatda iştirakı və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsi beynəlxalq birliyin birinci növbəli prinsipi kimi bəyan edilməlidir.
Natəvan BƏYDİLİ