Tədrisin təşkilində konservativ yanaşmalara son qoyulmalıdır. Birinci sinif şagirdlərinə “əlifba” öyrədilməsi ənənəsi dəyişməlidir. Hesab edirəm ki, milli “əlifbanın” öyrədilməsi ailənin və bağçanın öhdəsinə düşməlidir. İndi savadsız ailə yoxdur deyə bunu etmək çox asandır.
Belə olan halda birinci sinif şagirdlərinə rəqəmlərin və əcnəbi bir əlifbanın öyrədilməsi daha faydalı olar. Yaxud da, birinci siniflərdə şagirdlərə təkcə bugünkü latın əlifbasını yox, həm də keçmişdə istifadə olunmuş ərəb və kiril əlifbalarını öyrətmək daha doğru olar. Bu halda, yeni nəslin yetirmələri köhnə nəslin əsl varisləri ola bilərlər. Bundan sonra isə bəzi kitabların ərəb, bəzilərinin latın qrafikası ilə nəşri və tədris edilməsi düzgün istiqamət ola bilər. Bu yanaşmada ibtidai təhsil dövrü (3 ilə endirilmək şərtilə) yalnız əlifbaların və rəqəmlərin öyrədilməsinə həsr edilə bilər.
İbtidai təhsil dövrünün əlifbalara həsr edilməsi, qapalı dərk edilməməlidir. Bu illər ərzində tədris edilən digər fənlər bu əlifbaların köməyi ilə tədris olunmalıdır ki, həmin əlifbalar və həmin fənlər şagirdlərin yaddaşlarında möhkəmlənə bilsinlər.
Soruşula bilər ki, bütün bunlar kimə və nə üçün lazımdır? Cavab isə belə ola bilər: bütün bunlar keçmişimizə nəzər salmaq və gələcəyimizə işıq salmaq üçün, tarixi yaddaşımızı itirməmək üçün lazımdır.
Ağasəf İMRAN