ADPU-nun Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Bəyməmməd Saday oğlu Cəbrayılovu ad günü münasibəti ilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun və mənalı ömür, nəvə-nəticə sevinci arzulayıram. Bəyməmməd müəllim əsl müəllimdir, müəllimlər müəllimidir, ustad müəllimdir. Tələbələrinin uğuru onun həyatının stimuludur.
Bəyməmməd Saday oğlu Cəbrayılov 1955-ci ildə martın 13-də Salyan rayonunun Qızılburun (indiki Hacıqabul rayonu) kəndində anadan olmuşdur.
1962-1971-ci illərdə Salyan rayon Qızılburun kənd səkkizillik məktəbində oxumuş, 1972-ci ildə Bakı şəhər 1 saylı fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirmişdir.
1973-1977-ci illərdə V.İ.Lenin adına APİ-nin (indiki ADPU-nun) Riyaziyyat fakültəsində təhsil almışdır.
1977-1990-cı illərdə 25 saylı orta məktəbdə riyaziyyat müəllimi işləmişdir.
1990-1994-cü illərdə ADPİ-nin qiyabi aspiranturasında təhsil almışdır.
1995-ci ildə “Riyaziyyatın tədrisi prosesində məsələ həlli vasitəsilə şagirdlərin evristik fəaliyyətinin formalaşdırılması” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır.
1991-1997-ci illərdə N.Tusi adına ADPU-nun Şamaxı filialında baş labоrant, assistent, baş müəllim kimi fəaliyyət göstərmişdir. 1997-ci ilin avqust ayından ADPU-nun Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrasında çalışır.
2000-ci ildən ildən həmin kafedranın dosentidir.
2008-ci ildə ADPU-nun elmi şurasının qərarı ilə “İlin müəllimi” müsabiqəsinin qaliblərindən biri olmuşdur.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 26.04.2012 -ci il tarixli qərarı ilə yüksık ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə və ADPU-nun 90 illik yubileyi münasibəti ilə Fəxri Fərmanla təltif olunmuşdur.
O, ADPU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının seminarının, İbtidai təhsil fakültəsinin Elmi şurasının, İbtidai təhsil fakültəsinin Tədris Metodiki Şurasının və Naxçıvan Dövlət Universitetinin nəzdindəki Dissertasiya şurasının üzvüdür.
“Riyaziyyat tədrisində məsələ həlli zamanı şagirdlərin evristik yaradıcılığının inkişaf etdirilməsi” (1992), “Riyaziyyat. I-II hissə (1999; 2008), “Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları” (2011), “Riyaziyyatın tədrisi metodikasının aktual problemləri” (2019), “Riyaziyyat dərslərində cəbr və funksional asılılıqların propedevtikası” (2021) dərs vəsaitlərinin, 6 kitabın, 15 proqramın, 40 -dan çox elmi məqalə və tezisin müəllifidir.
Məqaləni çapa hazırladı: Esmira RƏHİMOVA