Səfərin siyasi əks-sədası iki ölkənin sərhədlərindən xeyli uzağa gedir

Səfərin siyasi əks-sədası iki ölkənin sərhədlərindən xeyli uzağa gedir

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə imzalanan sənədlər –  “Əbədi dostluq haqqında Müqavilə”, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının qərarları, 2030-cu ilədək ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması proqramı, investisiya və ticarət üzrə Yol Xəritəsi, nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi və çoxsaylı humanitar layihələr Azərbaycan–Özbəkistan münasibətlərini yeni siyasi mərhələyə qədəm qoyduğunu göstərir

Səfərin əsas siyasi nəticəsi, şübhəsiz ki, “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Azərbaycan və Özbəkistanın münasibətlərində “strateji tərəfdaşlıq”, “müttəfiqlik” və “qardaşlıq” anlayışları artıq bir neçə ildir siyasi leksikona daxil olub. İndi isə münasibətlərə uzunmüddətli və uzaqgedən siyasi məna daşıyan ayrıca müqavilə çərçivəsi əlavə olunur. Bu Müqavilə tərəflərin münasibətlərini strateji tərəfdaşlıq və müttəfiqlik əsasında inkişaf etdirməsini, nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasını, enerji, logistika, rəqəmsal iqtisadiyyat, kosmik texnologiyalar və digər sahələrdə birgə layihələri nəzərdə tutur.

Məsələnin ən mühüm tərəfi bundan ibarətdir ki,  Azərbaycan və Özbəkistanın hər ikisi müstəqilliklərini qorumaqla yanaşı, böyük güclərin rəqabət apardığı mürəkkəb geosiyasi məkanda öz manevr imkanlarını genişləndirməyə çalışırlar. Bakı Cənubi Qafqazı Xəzər və Mərkəzi Asiya ilə birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevrilmək istəyir. Daşkənd isə dənizə birbaşa çıxışı olmayan Mərkəzi Asiyanın ən böyük dövlətlərindən biri kimi dünya bazarlarına çıxış yollarını şaxələndirməyə çalışır. Bu baxımdan Bakı və Daşkənd artıq yalnız bir-birinə dost olan iki dövlət kimi deyil, dəyişən Avrasiya geosiyasi sistemində bir-birinin imkanlarını tamamlayan iki aktor kimi çıxış edirlər.

Tərəflərin razılaşdığı istiqamətlərdən biri Transxəzər/Orta Dəhlizin inkişafıdır. Bu, Özbəkistan üçün Azərbaycan üzərindən Avropaya çıxış, Azərbaycan üçün isə Mərkəzi Asiyanın nəhəng bazarlarına və istehsal potensialına daha sıx bağlanmaq deməkdir. Bu, əslində, yeni geoiqtisadi xəritənin konturlarından biridir.

Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Türkiyə–Avropa xətti artıq yalnız nəqliyyat layihəsi olmaqdan çıxaraq  üçün alternativ geoiqtisadi platformaya çevrilir. Azərbaycan burada sadəcə tranzit ölkə olmaq istəmir, özünün Şərqlə Qərb, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi-iqtisadi əlaqələndirici mərkəz kimi mövqelərini möhkəmləndirir. Özbəkistan isə bu xəttin Mərkəzi Asiyadakı ən böyük iqtisadi dayaqlarından birinə çevrilə bilər.

Buna görə də Azərbaycan–Özbəkistan yaxınlaşmasının geosiyasi mənasını yalnız Bakı və Daşkənd arasındakı ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ kimi izah etməklə məhdudlaşdırmaq düzgün olmaz. Bu yaxınlaşma Xəzərdən Mərkəzi Asiyaya, oradan Türkiyə və Avropaya uzanan yeni geoiqtisadi məkanın formalaşması ilə üst-üstə düşür. Başqa sözlə,  bu yaxınlaşmaya Avropa, Türkiyə, Mərkəzi Asiya, Xəzər və Çin arasında formalaşan daha geniş geosiyasi və geoiqtisadi sistemin bir hissəsi kimi baxmaq daha düzgün olardı. Azərbaycanın Türkiyə ilə müttəfiqliyi, Özbəkistanın Türk Dövlətləri Təşkilatında fəallığının artması, Transxəzər marşrutunun inkişafı və Çinin Mərkəzi Asiya ilə nəqliyyat bağlantılarında maraqları eyni müstəvidə kəsişir. Digər tərəfdən Azərbaycan–Özbəkistan yaxınlaşması Türk Dövlətləri Təşkilatının gələcək institusional çəkisinə də təsir edə bilər.

Beləliklə, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin əsas nəticəsi ilk baxışdan Azərbaycan–Özbəkistan münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması olsa da, səfərin siyasi əks-sədası iki ölkənin sərhədlərindən xeyli uzağa gedir.

Qulamhüseyn ƏLİBƏYLİ

Politoloq

Bizi izləyin və paylaşın