TRIPP gündəmdə

Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ: TRIPP gündəmdə

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi son günlər regionun əsas siyasi gündəmlərindən biri olaraq qalır.

İki ölkə arasında əldə olunan razılaşmaların praktiki müstəvidə həyata keçirilməsi, sərhədlərin müəyyənləşdirilməsi və regional nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi istiqamətində müzakirələr davam edir.

TRIPP layihəsinin icrası gündəmdədir

Prosesin əsas istiqamətlərindən biri “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP layihəsidir.

Avqustun 10-da Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə layihənin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər həmçinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və etimad quruculuğu tədbirlərini nəzərdən keçiriblər.

Ermənistanın Baş naziri Nikol Paşinyan da layihənin praktiki icrasına yaxın vaxtlarda başlanmasının nəzərdə tutulduğunu açıqlayıb.

Sülh prosesində əsas diqqət praktiki addımlara yönəlib

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı proses artıq yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Nəqliyyat, sərhəd və regional iqtisadi əməkdaşlıq məsələləri də gündəmin mühüm hissəsinə çevrilib.

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı zamanı da normallaşma prosesinin gedişi və TRIPP layihəsinin həyata keçirilməsi məsələsi müzakirə olunub.

Hazırda əsas diqqət əldə edilmiş razılaşmaların davamlı şəkildə icra olunmasına və regionda yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasına yönəlib.

Azərbaycan-Ermənistan münasibətlərində qarşıdakı dövrdə atılacaq addımların həm iki ölkə arasındakı əlaqələrə, həm də Cənubi Qafqazın nəqliyyat və iqtisadi xəritəsinə təsir göstərəcəyi gözlənilir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın