Bir pedaqoq kimi ən böyük arzularımdan biri harada olmağımdan asılı olmayaraq tələbələr üçün əyani nümunələr toplamaq, dərsliklərdə oxuduqları hadisələri real məkanlar, abidələr və tarixi izlər vasitəsilə onlara daha aydın göstərməkdir. Çünki tarixi yalnız oxumaqla deyil, onun izlərini görməklə də dərk etmək mümkündür. Xüsusilə insan ləyaqətinə qarşı amansızlıqla törədilmiş cinayətləri gələcək nəsillərə çatdırmaq üçün tarixin yaddaşında qalan məkanların böyük əhəmiyyəti var. Praqada qarşılaşdığım belə məkanlardan biri də Petschkuv palac – Peçkarna oldu. Bu bina bu gün sadəcə tarixi memarlıq nümunəsi deyil, onun divarları XX əsrin ən ağır siyasi repressiyalarından birinin şahididir.
Peçkarna 1923–1929-cu illərdə bank binası kimi inşa edilmişdi, lakin Nasist Almaniyasının 1939-cu ildə Çexoslovakiyanı işğal etməsindən sonra binanın taleyi tamamilə dəyişdi. Bina Gestaponun Praqadakı əsas qərargahlarından birinə çevrildi və burada minlərlə insan nasist repressiya sisteminin qurbanına çevrildi. Çex müqavimət iştirakçıları və nasist rejimi tərəfindən təqib olunan digər şəxslər burada saxlanılır, dindirilir və işgəncəyə məruz qoyulurdular.
İnsanların bir hissəsi Pankrac həbsxanasından Peçkarnaya gətirilir və dindirməyə aparılana qədər “biograf” adlandırılan otaqda gözləyirdilər. Onları gözləyən sadəcə bir dindirmə deyildi. Binanın 102 nömrəli otağı Gestaponun işgəncə otaqlarından biri kimi istifadə olunurdu. Burada insanlardan məlumat və etiraf almaq məqsədilə ağır fiziki və psixoloji zorakılıq tətbiq edilirdi. Məhbuslar döyülür, təhdid edilir, alçaldılır və ciddi fiziki və mənəvi əzablara məruz qalırdılar. Deməli, burada baş verənlər adi istintaq və ya dindirmə prosesi deyil, insan iradəsini zorakılıq yolu ilə sındırmağa yönəlmiş sistemli işgəncə idi.
Peçkarnada insanların hüquqlarının pozulması bununla da bitmirdi. İnsanlar qanunsuz olaraq azadlıqdan məhrum edilir, uzun müddət saxlanılır, dindirilir və işgəncəyə məruz qoyulurdular. Bəzi şəxslər burada gördükləri ağır zorakılıq nəticəsində həyatlarını itirirdilər. Digərləri isə dindirmələrdən və qəbul edilən qərarlardan sonra edam edilmək və ya konslagerlərə göndərilmək üçün aparılırdılar. Beləliklə, Peçkarna yalnız insanların sorğu-sual edildiyi bir bina deyil, həbs, təqib, işgəncə və ölümə aparan daha böyük repressiya mexanizminin bir hissəsi idi. Burada baş verənlər ayrı-ayrı şəxslərin nəzarətsiz və təsadüfi zorakılığı deyildi, bunlar nasist dövlət aparatının təşkil etdiyi sistemli təqib və repressiya siyasətinin tərkib hissəsi idi.
Bu hadisələrə beynəlxalq hüquq baxımından yanaşdıqda, ilk növbədə onların müharibə cinayətləri kontekstində qiymətləndirilməsi mümkündür. Pečkárna işğal olunmuş Çexoslovakiya ərazisində yerləşirdi və burada mülki şəxslərə qarşı törədilən zorakılıq təcavüzün və müharibə hüququnun qaydalarına tabe idi. 1907-ci il Haaqa Qaydalarının 46-cı maddəsi işğal olunmuş ərazilərdə insanların həyatına, ailə hüquqlarına və şəxsi hüquqlarına hörmət edilməsini tələb edirdi. İşğalçı hakimiyyətin bir ərazi üzərində nəzarəti ələ keçirməsi ona həmin ərazinin əhalisi üzərində qeyri-məhdud zor tətbiq etmək hüququ vermirdi. Əksinə, əsas məqsədlərdən biri təcavüz zamanı mülki əhalinin qorunması idi. Nürnberq Tribunalının Nizamnaməsi də işğal olunmuş ərazilərdə mülki şəxslərin öldürülməsini və pis rəftara məruz qoyulmasını müharibə cinayətləri sırasına daxil edirdi. Bu baxımdan Peçkarnada mülki şəxslərə qarşı törədilən işgəncə, qəddar və qeyri-insani rəftar, qanunsuz saxlanma, öldürmə və ölümə aparan zorakılıq beynəlxalq humanitar hüququn ciddi pozuntuları və müharibə cinayətləri kimi qiymətləndirilə bilər. Burada xüsusi vurğulanmalı məqam odur ki, işğal vəziyyəti işğalçı hakimiyyətə insanların həyatını və ləyaqətini istədiyi kimi pozmaq hüququ vermirdi.
Peçkarnada baş verənlərə yalnız ayrı-ayrı müharibə cinayətləri kimi baxmaq da kifayət etmir. Çünki burada daha geniş və sistemli repressiya mexanizmi fəaliyyət göstərirdi. İnsanlar təsadüfi şəkildə deyil, nasist dövlət aparatının təşkil etdiyi təqib siyasəti çərçivəsində tutulur, saxlanılır, dindirilir, işgəncəyə məruz qoyulur və onların bir hissəsi edama və ya konslagerlərə göndərilirdi. Məhz bu sistemlilik hadisələrə insanlıq əleyhinə cinayətlər baxımından da yanaşmağa imkan verir.
Müasir beynəlxalq cinayət hüququnda insanlıq əleyhinə cinayətlər mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistemli hücumun tərkib hissəsi kimi törədilən adamöldürmə, işgəncə, ağır və ya qanunsuz azadlıqdan məhrum etmə, təqib və digər ağır qeyri-insani əməlləri əhatə edir. Beynəlxalq Cinayət Məhkəməsi Roma Statutunun 7-ci maddəsində bu əməllər ayrıca müəyyən edilmişdir.Peçkarnada Gestaponun fəaliyyəti isə daha geniş nasist repressiya və təqib sisteminin bir hissəsi idi. Buna görə burada törədilən işgəncə, adamöldürmə, qanunsuz həbs və təqib aktları konkret hallardan asılı olaraq həm müharibə cinayətləri, həm də insanlıq əleyhinə cinayətlər xarakteri daşıya bilər. İşgəncənin özü isə beynəlxalq hüquqda xüsusi və fundamental qadağaya tabedir. İnsanlardan məlumat və ya etiraf almaq, onları cəzalandırmaq, qorxutmaq və ya məcbur etmək məqsədilə qəsdən ağır fiziki və ya psixoloji ağrı və əzab yetirilməsi işgəncənin mahiyyətini təşkil edir. Buna görə Peçkarnada tətbiq edilən zorakılığı “sərt dindirmə metodu” adlandırmaq mümkün deyil. İnsan iradəsini zor yolu ilə sındırmaq və ondan məlumat almaq üçün ağır fiziki və ya psixoloji əzab yetirmək işgəncədir.
Burada Peçkarnanın tarixindən çıxan ən mühüm nəticələrdən biri də işgəncənin məkanın olmamasıdır. İşgəncə polis bölməsində də işgəncədir, həbsxanada da, hərbi qərargahda da, işğal olunmuş ərazidə də, gizli saxlanma yerində də. Eyni şəkildə, qeyri-insani və ləyaqəti alçaldan rəftar da harada törədilməsindən asılı olmayaraq öz mahiyyətini dəyişmir. Müharibə şəraiti, dövlət təhlükəsizliyi, hərbi məqsəd, fövqəladə vəziyyət və ya rəhbərin əmri insanın işgəncəyə məruz qoyulmasını qanuni etmir. Beynəlxalq hüquqda işgəncəyə qoyulan qadağa mütləq xarakter daşıyır.
Məhz buna görə Peçkarna yalnız Praqanın və ya Çexiyanın tarixi ilə bağlı bir məkan deyil. Bu bina bizə göstərir ki, dövlət tərəfindən təşkil edilmiş zorakılıq necə sistemli repressiyaya, repressiya isə insanlığa qarşı ağır cinayətlərə çevrilə bilər. Burada həbs, təcrid, dindirmə, işgəncə, məcburi etiraf, qanunsuz qərarlar, edam və konslagerlərə göndərilmə bir-biri ilə əlaqəli repressiya mexanizminin elementlərinə çevrilmişdi.
Bu gün binanın üzərində qorunan 1939–1945-ci illər memorialı həmin dövrdə burada mübarizə aparan, əzab çəkən və həyatını itirən insanların xatirəsini yaşadır. Mənim üçün isə bu məkanın başqa bir əhəmiyyəti də var, pedaqoq olaraq belə yerləri görmək, onların tarixini araşdırmaq və həmin məlumatları tələbələrə çatdırmaq tarixi yaddaşın qorunmasının bir formasıdır. Ona görə ki, bəzən bir binanın divarı, bir abidə və ya bir otaq onlarla səhifəlik dərslikdən daha güclü şəkildə insanı düşündürə bilir.
Pečkárnanın qarşısında dayanarkən insan anlayır ki, tarix yalnız keçmişdə baş vermiş hadisələrin ardıcıllığı deyil. Tarix həm də insanlığın hansı səhvləri təkrarlamamalı olduğunu xatırladan yaddaşdır. Müharibə insan ləyaqətini dayandırmır. Dövlət təhlükəsizliyi insan hüquqlarını aradan qaldırmır. Əmr işgəncəni qanuniləşdirmir. Məkan isə cinayətin mahiyyətini dəyişmir. İşgəncə harada törədilməsindən asılı olmayaraq işgəncədir, qeyri-insani rəftar harada baş verməsindən asılı olmayaraq insan ləyaqətinə qarşı yönəlmiş ağır hüquq pozuntusudur.
Peçkarnanın divarları bu həqiqətin səssiz şahididir. Onları qorumaq isə yalnız keçmişi xatırlamaq deyil, gələcək nəsillərə insan ləyaqətinin heç bir müharibə, heç bir siyasi rejim və heç bir “zərurət” qarşısında alçaldıla bilməyəcəyini anlatmaqdır.
Əlövsət ALLAHVERDİYEV


