Xocalı rayonunun Şuşakənd kəndində Böyük Qayıdış çərçivəsində məskunlaşan ailələr arasında ilk körpə dünyaya gəlib. Bu hadisə kənd sakinləri tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanıb.
ELAZ.İNFO xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, Şamil və ailəsinin ikinci övladı olan oğlan uşağı iyulun son günlərində dünyaya gəlib və avqustun 2-də xəstəxanadan evə buraxılıb.
Boyu 50 santimetr, çəkisi isə 2 kiloqram 700 qram olan körpəyə Mustafa Kamal adı verilib.
Şuşakənddə doğulan ilk körpə kimi tarixə düşən Mustafa Kamalın dünyaya gəlməsi uzun illərdən sonra doğma yurda qayıdan sakinlər üçün xüsusi əhəmiyyət daşıyır. Bu hadisə təkcə bir ailənin sevinci deyil, həm də kənddə həyatın yenidən canlandığının, məskunlaşma prosesinin davam etdiyinin və Böyük Qayıdış proqramının uğurla həyata keçirildiyinin rəmzi kimi qiymətləndirilir.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası və əhalinin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı davam edir. Şuşakənddə dünyaya gələn ilk körpə bu prosesin artıq yeni nəslin formalaşması mərhələsinə keçdiyini göstərən əlamətdar hadisələrdən biri kimi dəyərləndirilir.
Günel GÜNTAC


