ELAZ.İNFO xəbər verir ki, İranın Hörmüz boğazını özünü müdafiə silahına çevirməsi region ölkələrini narahat edir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərə səfəri zamanı Hörmüz boğazının siyasi təzyiq və təhdid alətinə çevrilməməli olduğunu bildirib və Ankaranın bu strateji keçidin yenidən tam açılması istiqamətində atılan addımları dəstəklədiyini açıqlayıb.
Fidan Dohada Qətərin xarici işlər naziri ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Hörmüz boğazı regional sabitliyi təhdid edən təzyiq vasitəsinə çevrilməməlidir.
Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani də İranın Hörmüz boğazından Körfəz ölkələrinə qarşı təzyiq və “şantaj” aləti kimi istifadə etməməli olduğunu vurğulayıb.
O həmçinin bildirib ki, ABŞ-a son səfərinin məqsədlərindən biri İranla müharibənin sona çatdırılması üçün diplomatik səylərə dəstək vermək olub.
Son aylarda İranın Hörmüz boğazında gəmilərin keçidinə məhdudiyyətlər tətbiq etməsi və bu beynəlxalq enerji marşrutunu siyasi leverage kimi istifadə etməyə çalışması region ölkələrinin narahatlığını artırıb.
Türkiyə və Qətərin son açıqlamaları Tehranın bu siyasətinə qarşı bölgədə narazılığın açıq şəkildə böyüdüyünü göstərir.
N.B
