İrandaki mövcud rejimi müdafiə edənlərə o coğrafiyanı qarış qarış gəzən, ölkənin tarixi, siyasəti, etnopsixologiyasına az çox bələd olan, 13 ildən artıq İran dövlət televiziyasinda rejimin informasiya siyasətinə yaxından şahid olan biri kimi bəzi xatırlatmalar etməyi özümə borc bilirəm.
İnqilabın ilk illərində Təbrizdə “Xəlqi Müsəlman” hərəkatına qoşulanların, eləcə də Ayətullah Səriətmədarinin sonradan aldadılaraq başlarına gətirilən müsibətlərdən xəbəriniz varmı? ( 1946-cı ildən sonra Təbrizdə törədilən ikinci kütləvi qətliam)
Bu rejimin təməlini qoyan Xomeyninin, Xəlxalinin, Reyşəhrinin on minlərin həyatına məhz məhkəməsiz son qoyduqlarını bilirdinizmi?
80-ci illərin sonunda rejimə müxalif minlərlə bakirə qızın edamdan əvvəl hansı vəhşiliyə məruz qaldığından xəbəriniz varmı?
Sizin üçün bu rejimin ölkə əhalisinin yarısından çoxunun ana dilinə sayğısızlıq etməsi önəmli deyilmi ?
Bu gün öz milli kimliyinə sahib çıxdığı üçün haqsız yerə zindan həyatı yaşayan soydaşlarımızın taleyinə bu qədər biganəsiniz?
Bu siyahını çox uzatmaq olar, çünki bu rejimin cinayətləri saysizdır. Amma düşünürəm, bəlkə də çoxları üçün bu tövsiyəm də bihudədir. Hər halda bunu deməyi özümə borc bilirəm – Mövcud rejimi, onun liderini ilkin İslam donəmindəki şəhidlərlə müqayisə etmək ən yumşaq anlamda ədalətsizlikdir. Qanla, zülmlə bərqərar olan rejimlərin aqibətləri isə tarixin çöplüyüdür. İstər şərqdə olsun, istərsə də qərbdə.
Rüfət Muradlı