Tarix göstərir ki, bir millətin ayaqda qalmasının ən əsas şərti onun birliyidir. Bu birlik yalnız şüar səviyyəsində qaldıqda, millət gücsüz, parçalanmış və təsirsiz hala gəlir. Lakin birlik dildə, fikirdə və işdə gerçəkləşdikdə, millət artıq yalnız bir toplum deyil – bir güc, bir iradə və bir gələcək layihəsi olur.
“Dildə, fikirdə, işdə birlik” sadəcə romantik bir ifadə deyil. Bu, bir millətin var olmaq və dövlət qurmaq strategiyasıdır.
- Dildə Birlik – Kimliyin əsası
Dil, bir millətin ruhudur. Dilini itirən millət, zamanla tarixini, kimliyini və gələcəyini də itirir. Güney Azərbaycan Türk Milləti uzun illərdir ki, öz ana dilindən uzaqlaşdırılmağa çalışılır. Bu, təsadüfi deyil – bu, assimilyasiya siyasətinin əsas alətlərindən biridir.
Əgər bir millət öz dilində düşünə bilmirsə, öz dilində təhsil ala bilmirsə və öz dilində idarə olunmursa, o millət başqasının düşüncə sisteminə tabe olur.
Bu səbəbdən ana dilində təhsil mübarizəsi, türk dilində media və mədəniyyətin inkişafı,gənc nəslin dil şüurunun gücləndirilməsi bunlar sadəcə mədəni fəaliyyət deyil – milli müqavimətin özüdür.
- Fikirdə Birlik – Milli şüurun formalaşması
Dil birliyi olmadan fikir birliyi mümkün deyil. Fikir birliyi olmadan isə siyasi birlik qurulmaz. Bu gün ən böyük problemlərimizdən biri fikri parçalanmadır. Bəziləri federalizm deyir, bəziləri mərkəzçilik, bəziləri isə ümumiyyətlə milli kimliyi inkar edir. Bu qarışıqlıq millətin enerjisini zəiflədir və onu hədəfindən uzaqlaşdırır.
Bizim üçün əsas sual budur: biz kimik və nə istəyirik?
Əgər cavabımız açıq və qəti deyilsə, yolumuz da qaranlıq olacaq.
Güney Azərbaycan Türk Millətinin hədəfi öz müqəddəratını təyin etmək və müstəqil dövlət qurmaqdır. Bu hədəf ətrafında fikir birliyi olmadan, hər cür mübarizə nəticəsiz qalacaq.
- İşdə Birlik – Real gücün yaranması
Ən böyük problem isə buradadır. Hamı danışır, amma az adam işləyir. Milli hərəkat yalnız yazılarla, statuslarla və şüarlarla irəliləmir. Hərəkat təşkilatlanma ilə iqtisadi güc ilə planlı fəaliyyət ilə intizam ilə
qurulur. Əgər biz real qurumlar yarada bilməsək, üzv bazası, maliyyə sistemi, layihələr formalaşdırmasaq, onda hər şey sadəcə söz olaraq qalacaq.
Bu səbəbdən təşkilatlanma vacibdir.
Güney Azərbaycan Milli Məşvərət Şurası – İstiqlalçılar Cəbhəsi (GAMMŞ-İC) kimi qurumların yaradılması bu istiqamətdə atılmış addımlardır. Lakin bu yetərli deyil. Bu qurumlar real üzvlərlə şəffaf maliyyə sistemi ilə intizamlı strukturla gücləndirilməlidir. İşdə birlik olmadan, heç bir milli məqsəd həyata keçməz.
- Birlik olmadan gələcək yoxdur.
Tarix bizə açıq dərs verir.Parçalanmış millətlər uduzur, birləşmiş millətlər isə tarix yazır. Bu gün Güney Azərbaycan Türk Milləti qarşısında duran əsas seçim budur,ya parçalanmış şəkildə qalmaq,ya da dildə, fikirdə və işdə birləşərək gələcəyini qurmaq.Bu, yalnız siyasi seçim deyil – bu, varlıq və yoxluq məsələsidir.
Dilinizə sahib çıxın.Fikir olaraq milli hədəf ətrafında birləşin. Ən əsası, işə keçin.
Unutmayaq:
Millətlər sözlə deyil, təşkilatlanma və əməl ilə qalib olur.
“Dildə, fikirdə, işdə birlik” şüarını yalnız demək kifayət deyil.
Onu həyata keçirmək lazımdır.
Çünki bu şüar həyata keçdiyi gün,
Güney Azərbaycan Türk Milləti öz taleyini özü yazmağa başlayacaqdır.
Rıza Qaraçay
Güney Azərbaycan Milli Məşvərət Şurası