Qacar elinin oymaqlarından biri də Ziyadlıdır. Onlara Ziyadoğlular da deyilirdi. Ziyadlı oymağının bir qolu Qarabağda, bir qolu Irəvanda, bir qolu isə Astrabadda məskunlaşmışdı.
ELAZ.İNFO xəbər verir ki, Ziyadoğlular Qarabağda Gəncədə, Çuxursəddə isə İrəvanda hakimiyyətdə olmuşdur.
Ziyadoğluların ən tanınmış nümayəndəsi , tariximizin qəhrəmanlıq simvollarından biri olan Gəncə xanı Cavad xan Ziyadoğlu-Qacar (1748, Gəncə – 1803, Gəncə) idi. Qacar xanədanından olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı , 1786-cı ildən Gəncə şəhərini idarə edən Cavad xan Ziyadoğlu 1804-cü ilin yanvar ayının 3-dən 4-ə keçən gecə uzun müddət general Pavel Sisianovun başçılığı altında şəhəri mühasirədə saxlayan işğalçı rus qoşunları ilə baş verən qanlı döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Gəncə ziyadlıları tarixi ədəbiyyatda Ziyadoğlu kimi tanınırlar. Onların tayfa başçıları bu yörədə öncə bəylərbəyi, sonra müstəqil xan olmuşlar. Gəncə bəylərbəyi Qarabağ Şahverdi bəy Ümmət bəy oğlu I Şah Təhmasib Səfəviyə qulluq etmişdi. Şah ona sultan ünvanı vermişdi. Təhmasib 1551-ci ildə Kəmaləddin Şahverdi sultanı 1551 Gəncə-Qarabağ vilayətinə bəylərbəyi təyin etmişdi. Osmanlılara qarşı Ərzurum savaşında göstərdiyi mərdliyə və müvəffəqiyyətə görə Danqı mahalının ilbəil gəliri ilə ödüllənmişdi. Danqı mahalı öncə Şəki vilayətinə bağlı idi.
Qarabağ Ziyadoğlu-Qacarların irsi bəylərbəyliyi kimi Qarabağ xanlığının yaranmasına kimi, kiçik fasilə ilə 300 ilə qədər onların nəzarətində qalmışdı. Qarabağ bəylərbəyləri olan Ziyadoğlu Qacarlar haqqında ən mühüm məlumat II Şah Abbas dövründə Qarabağ bəylərbəyi Murtuzaqulu xan Qacarın vəziri olmuş Məhəmməd Məsumun “Xülasət əs-siyar” əsərində verilmişdir. M. Məsum Ziyadoğlu Qacar nəslinin XVI yüzyilliyin 40-cı illərindən-XVII yüzilliyin 60-cı illərinə qədər, təxminən yüzillik tarixini öz əsərində işıqlandırmışdır.
Afət MÖHBALI