ELAZ.İNFO -Təxminən, 2010-cu ilədək dünya ABŞ-ın başçılığı altında Qərbə məxsus idi (tam onun təsiri altında idi). Həmin dövrə “Pax Americana” (Amerika sülhü) deyilir. Belə sistemlər qlobal imperiyalarda yaranır və müxtəlif xalqların, dövlətlərin, siyasi qurumların dinc yanaşı yaşaması və bir-biri ilə münasibətlər qurmasına şərait yaradır. Ondan əvvəlki “Pax Romana”, “Pax Mongolica”, “Pax Britannica” da eyni məqsədlərə xidmət edib. “Pax Americana” sistemində qaydaları ABŞ müəyyən edir və onların icrasına da özü (yaratdığı beynəlxalq təşkilatlar vasitəsilə) nəzarət edirdi.
Prinsipcə, bunda pis bir şey yoxdur. Dünya həmişə belə idarə olunub, bundan sonra da belə olacaq. Nə qədər ki, sistemin faydaları zərərlərindən çoxdur və sistemdə ədalət kobud şəkildə pozulmur, ona daxil olan ölkələr sistemi müdafiə edir və onun dağılmasına imkan vermirlər, yəni sistemi təkcə onu yaradan yox, ona daxil olanlar da qoruyurlar. Əksi baş verdikdə onu dağıtmaq istəyənlər çoxalmağa başlayır və sistem yavaş-yavaş zəifləyir, sonda aşağıdakılardan biri baş verir:
1) sistem təkmilləşməyə məcbur olur;
2) sistem parçalanır və onun tərkibində olan bəzi ölkələr alternativ sistem yaradırlar;
3) sistem ləğv olunur və yeni sistem yaranır.
Belə sistemlər o qədər böyük ətalətə malik olurlar ki, onların təkmilləşməsi variantının baş verdiyi halı mən tarixdən xatırlamıram. Digər variantlar isə tarixdə çox olub.
Qərbin körüklədiyi 1994-1996 və 1999-2009-cu illər çeçen müharibələri, Belqradın NATO tərəfindən bombalanması, NATO-nun şərqə doğru 1999, 2004, 2009-cü (və 2017, 2020, 2022, 2023) il genişlənmələri, 2001-ci ildə ABŞ-ın Əfqanıstanı işğal etməsi, 2003-cü ildə ABŞ-ın təkrar İraq müharibəsinə başlaması və Səddam Hüseynin öldürülməsi, 2011-ci ildə ABŞ-ın Liviya müharibəsinə başlaması və Müəmmar Qəddafinin öldürülməsi, 2011-ci ildən ABŞ-ın dəstəyi ilə Suriyada müharibənin başlanması və İŞİD kimi beynəlxalq terrorçu təşkilatların kütləvi şəkildə yaradılması və s. hadisələr “Pax Americana” sisteminə qarşı narazılıqları artırdı. Bunun ilk açıq nümayişi Putinin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfrasındakı çıxışı oldu.
Bu çıxışla Putin “Pax Americana” sistemindən narazı olan bir çox dövlətin fikirlərini dilə gətirmişdi. Əslində, onlar “Pax Americana” sisteminə qarşı deyildilər, sadəcə onun bütün iştirakçıların maraqlarına cavab vermədiyini, əsasən Qərb maraqlarına xidmət etdiyini, Şərq və Cənub üçün təhlükəyə çevrildiyini bildirir və onun təkmilləşdirilməsini istəyirdilər. Lakin “əndazəni” itirmiş Qərb bunu üsyan kimi qəbul etdi və üsyançıların “frontmeni” Rusiyanı cəzalandırmaq qərarına gəldi.
2008-ci il 2-4 aprel Buxarest sammitində NATO Ukrayna və Gürcüstanın NATO-ya qəbulu üzrə proqram qəbul etdi.
2008-ci ilin 8 avqustunda Rusiyanın reaksiyasını sınamaq üçün Saakaşvilini “qazlamaqla” Gürcüstanda müharibəyə başladı, lakin ona hərbi kömək etmədi.
2009-cu ilin 1 aprelində Albaniya və Xorvatiya NATO-ya qəbul edildi.
2013-cü ilin 21 noyabrında Ukraynada Qərbin açıq dəstəyi ilə Maydan başlandı və 2014-cü ilin 23 fevralında ölkə prezidenti Viktor Yanukoviçin Rusiyaya qaçması ilə başa çatdı. Ölkənin yeni hökumətinin bütün üzvləri ABŞ tərəfindən təyin olundu.
Sonuncu hadisə Rusiyanın “səbr kasasını” dolduran sonuncu damcı oldu. 2014-cü ilin aprel ayında Rusiya çox məharətlə Krımı ilhaq etdi. Əslində bu hadisəni də Rusiyanın (və ona səssiz dəstək verən Çinin) “Pax Americana” sistemini dağıtmaq istəyi kimi qiymətləndirmək olmaz. Bununla Rusiya və Ko yenə də sistemin onların maraqlarını nəzərə almasını istəyirdilər.
Lakin Qərbin reaksiyası birmənalı oldu. Siz soyuq müharibədə məğlub olmuşunuz, bizimlə bərabər hüquqlara malik ola bilməzsiniz, biz istədiyimizi edəcəyik, siz isə – bacardığınızı edin.
Hətta 2022-ci ildə Ukraynaya müdaxilə edəndə də Rusiyanın (və Çinin) yenə “Pax Americana” sistemini dağıtmaq məqsədi yox idi. Bununla o Qərbin onunla (və arxasında səssiz dayananlarla) hesablaşacağını düşünürdü. Qərb isə hegemonluqdan başqa vəziyyəti qəbul etmək istəmirdi. Qərb Rusiyaya qarşı total sanksiyalar tətbiq edəndə, məqsədinin Rusiyanı strateji məğlub etmək olduğunu açıq bəyan edəndə artıq Putin anladı ki, “Pax Americana” sistemini təkmilləşdirmək xülyadır, onu parçalamaq və ya dağıtmaqdan başqa yolu yoxdur. Lakin ondan fərqli olaraq, Çin hələ də “Pax Americana” sistemini təkmilləşdirmək ümidini itirməyib. Qlobal Şərqi zəiflədən də məhz Çinin bu mövqeyidir.
4 il çəkən Ukrayna müharibəsi artıq “Pax Americana” sisteminə o qədər böyük zərbələr vurub ki, o çoxlu çatlar verməyə başlayıb. Tramp hakimiyyətə gələndə onu xilas etməyə çalışdı, lakin faydasız olduğunu anlayan kimi “Pax Americana” sonrakı dövrə hazırlaşmağa başladı. Ötən ilin noyabrında bəyan edilən ABŞ-ın “Milli Təhlükəsizlik Strategiyası” açıq göstərdi ki, vahid qlobal sistem kimi “Pax Americana” faktiki olaraq bitib. Lakin “Pax Americana” imperiyanın yeni sərhədləri çərçivəsində yaşaya bilər. İndi Tramp da məhz bununla – imperiyanın yeni sərhədlərini başqalarına qəbul etdirməklə məşğuldur.
İmperiya sərhədləri müəyyən olunarkən 2 istiqamətdə iş aparılır:
1. İmperiya daxilindəki qüvvələrin ram edilməsi;
2. İmperiya xaricindəki qüvvələrin yeni sərhədləri tanıması.
Hər iki istiqamətdə uğura nail olmaq üçün imperiya daxilində və xaricində olan qüvvələr arasında sərbəst əlaqələr kəsilməlidir. Əlaqələr yalnız İmperiyanın icazə verdiyi ölkələrlə və onun müəyyən etdiyi şərtlər daxilində olmalıdır. Daxildəkilər dərk etməlidirlər ki, xaricdən köməyə ümid edə bilməzlər, xaricdəkilər də bilməlidirlər ki, onlar imperiyanın sərhədləri daxilində onun iradəsinə qarşı çıxmaq gücündə deyillər. Bunlar isə imperiyanın piratlığa başlamasını zəruri edir. İmperiya ondan icazəsiz daxilindən çıxan gəmiləri və ya xaricdən ora gələn gəmiləri qarət etməlidir ki, hamı bu ərazilərin real sahibinin kim olduğunu bilsin.
Əvvəl ABŞ yeganə qlobal imperiya idi. Onun icazəsi olmayan gəmi yük daşıya bilməzdi, piratlığa da ehtiyac yox idi. Sadəcə, gəmiyə və ya ölkəyə sanksiya tətbiq etməklə məqsədinə çatırdı – çünki heç bir ölkə həmin gəmi və ya ölkə ilə münasibət qurmaq istəmirdi. Düzdür, İran kimi sanksiyalanmış ticarət aparan ölkələr var idi, lakin həm onunla ticarət aparan ölkə az idi, həm də onun sanksiyalardan yan keçməsi imperiya üçün ciddi təhlükə yaratmırdı deyə ABŞ buna çox da əhəmiyyət vermir, zor tətbiq etməyi zəruri hesab etmirdi.
Lakin Ukrayna ilə müharibə başlayanda Rusiya da ona tətbiq edilmiş sanksiyalardan yan keçməyə başladı. Artıq dünya sularında mindən artıq sanksiyalanmış gəmilər hərəkət edirdi. Bu da sanksiyanı əhəmiyyətsiz edir, imperiyanın nüfuzuna ciddi mənfi təsir göstərir, başqa ölkələrə “pis” nümunə göstərirdi. Əgər Rusiya belə edə bilirsə, niyə başqaları da etməsin?!
Davam edir…
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi