Rusiya futbolunda növbəti dopinq qalmaqalı yaşanır. “Spartak” (Moskva) klubunun hücumçusu Anton Zabolotnının yarışdankənar keçirilən dopinq testi müsbət nəticə verib. Bu hadisə futbol ictimaiyyətində ciddi rezonans doğurub.
ELAZ.İNFO xəbər verir ki, futbolçunun təqdim etdiyi nümunədə qadağan olunmuş maddə aşkarlanıb. Bu, idmançının karyerası və “Spartak”ın mövsüm planları üçün gözlənilməz bir zərbədir. Rusiya futbolunda dopinq testindən kəsilən oyunçuların siyahısı təkcə cari hadisələrlə məhdudlaşmır. Bu sahədə ən çox xatırlanan və ciddi sanksiyalara səbəb olan hadisələrdən biri Vladimir Obuxovla bağlıdır. 2021-ci ildə “Rostov”un o vaxtkı hücumçusu Vladimir Obuxov Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən diskvalifikasiya edilib. Futbolçunun orqanizmində “metandienon” maddəsi aşkarlanıb. Maraqlıdır ki, həmin dopinq nümunəsi 2013-cü ildə götürülmüşdü, lakin Moskva Antidopinq Laboratoriyasının məlumat bazası əsasında illər sonra ifşa olunub. Obuxov günahını etiraf edib və FİFA ilə əməkdaşlıq edib. Buna görə də ona verilən cəza nisbətən yüngül – 6 aylıq diskvalifikasiya olub. Lakin “Rostov” klubu dərhal futbolçu ilə müqaviləni ləğv edib. Obuxov 2021-ci ilin dekabrında “Orenburq” klubu ilə anlaşıb və 2024-cü ilə qədər orada çıxış edib. O, hazırda peşəkar klublarda fəaliyyət göstərmir.
Bu tip insidentlər FİFA və WADA-nın antidopinq nəzarətinin nə qədər sərt olduğunu bir daha sübut edir. Belə vəziyyətlər təkcə futbolçuların karyerasına deyil, həm də təmsil etdikləri klubların reputasiyasına ciddi ziyan vurur.
Ruslan MƏMMƏDOV
