Rusiya payızda kütləvi səfərbərliyə hazırlaşır

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) Rusiyanın yaxın aylarda kütləvi səfərbərlik dalğasına başlamaq planları barədə məxfi məlumatlar əldə edib.

ELAZ.İNFO xəbər verir ki, Baş Kəşfiyyat İdarəsinin rəisi Oleh İvaşçenkonun təqdim etdiyi hesabatda Rusiyanın daxili sənədlərinə istinadən səfərbərliyin payızda, parlament seçkiləri simulyasiyasından dərhal sonra keçiriləcəyi təsdiqlənib. Kremlin planı fərqli seçki ssenarisinə dayanır. Rusiya rəhbərliyi parlamentdəki bütün icazəli partiyaların sülhün əleyhinə olduğunu və müharibəni dəstəklədiyini nümayiş etdirmək niyyətindədir. Seçki şousundan dərhal sonra ilin sonuna qədər yüz minlərlə rusiyalının təcili olaraq orduya cəlb edilməsi, oxşar prosesin növbəti ildə də təkrar olunması planlaşdırılır. Bu addım müqaviləli hərbi xidmətə cəlbetmə çərçivəsində aparılan mövcud çağırışlara əlavə olaraq həyata keçiriləcək. Ukrayna Prezidenti Volodimir Zelenski məsələyə münasibət bildirərək, Rusiyanın bu planlarının qarşısını almaq və Kremlin işini maksimum dərəcədə çətinləşdirmək üçün Ukrayna kəşfiyyatı və xüsusi xidmət orqanlarına müvafiq təcili tapşırıqların verildiyini bəyan edib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın