Rusiya xüsusi xidmət orqanlarının agenti saxlanılıb: Yanacaq anbarları və elektrik stansiyaları hədəfdə olub

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) mərkəzi regiondakı kritik energetika və yanacaq komplekslərinə yeni raket-PUA zərbələri hazırlayan Rusiya agentini ələ keçirib.

ELAZ.İNFO xəbər verir ki, SBU əməkdaşları tərəfindən Kropivnitski şəhərində həyata keçirilən əməliyyat zamanı saxlanılan şəxs düşmənin tapşırığı ilə strateji obyektlərin koordinatlarını toplamaqla məşğul olub. Düşmən kuratorunun agent qarşısında qoyduğu əsas hədəflər sırasına yerli neft bazaları, yanacaq-sürtkü materialları anbarları və elektrik stansiyaları daxil olub. Agentin vəzifəsi təyin olunmuş obyektləri tapmaq, onları gizli şəkildə videoya çəkmək və dəqiq koordinatları qarşı tərəfə ötürmək olub. Məlumata görə, xain öz şəxsi avtomobili ilə regional mərkəz və onun ətraflarını gəzərək kəşfiyyat aparıb. O, həmçinin Ukrayna HHM qüvvələrinin döyüş mövqelərini və əvvəlki raket zərbələrinin nəticələrini izləyib.

İstintaq materiallarına əsasən, Kremlpərəst mövqeyi ilə seçilən yerli sakinin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi təsdiqlənib. Cinayətkar yalnız kuratordan kəşfiyyat təlimatları almaqla kifayətlənməyib, həm də internetdə Rusiya hərbi təhsil müəssisələrinin dərslikləri vasitəsilə kəşfiyyat aparmağın incəliklərini öyrənib. Axtarış zamanı agentin düşmənə işlədiyini sübut edən smartfonu müsadirə olunub. SBU müstəntiqləri saxlanılan şəxsə Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsi (hərbi vəziyyət şəraitində dövlətə xəyanət) üzrə ittiham irəli sürüblər. Hazırda həbsdə olan xaini əmlakı müsadirə olunmaqla ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. Əməliyyat tədbirləri Kirovohrad Vilayət Prokurorluğunun prosessual rəhbərliyi ilə SBU-nun regional idarəsi tərəfindən həyata keçirilib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın