Rusiyada 64,5 milyon şüşə “Cermuk” mineral suyunun satışı dayandırıldı — Səbəb bəlli oldu

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət Federal Xidməti (“Rospotrebnadzor”), Ermənistan istehsalı olan “Cermuk” (Jermuk) mineral sularının ölkə daxilində satışının dayandırılması barədə dövlət markalanma sistemi olan “Çestnıy Znak” operatoruna təcili göstəriş göndərib. Qərar 28 may 2026-cı il tarixindən etibarən növbəti bildirişə qədər qüvvəyə minib.

ELAZ.İNFO xəbər verir ki, ümumilikdə 64,5 milyon şüşə qazlı təbii müalicəvi-süfrə mineral suyunun satışı bloklanıb. “Rospotrebnadzor”dan verilən açıqlamada bildirilir ki, buna səbəb texniki tənzimləmə qaydalarının pozulmasıdır. Belə ki, aparılan laborator analizlər zamanı suyun tərkibində hidrokarbonat, xlorid və sulfat ionlarının normadan artıq olduğu müəyyən edilib.

Qurum rəsmiləri xəbərdarlıq edir ki, tərkibindəki bu maddələrin normanı aşması suyun müalicəvi xüsusiyyətləri barədə yanlış təsəvvür yarada və ən əsası, insanların sağlamlığına ciddi mənfi təsir göstərə bilər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın