Rusiyanın Krasnodar diyarının Temrük şəhərində yerləşən dəniz limanının ərazisində pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın qeydə alınıb.
ELAZ.INFO xəbər verir ki, bu barədə regionun Operativ Qərargahının rəsmi “Telegram” kanalı məlumat yayıb İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb: “Temrükdə PUA qalıqlarının düşməsi səbəbindən dəniz limanının ərazisində yanğın baş verib. İlkin məlumatlara görə, zərərçəkən yoxdur”, — deyə rəsmi açıqlamada bildirilir.
Hadisə yerinə dərhal xilasetmə qüvvələri cəlb edilib. Verilən məlumata görə, alovun söndürülməsi işlərinə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da daxil olmaqla, ümumilikdə 47 nəfərlik şəxsi heyət və 14 ədəd xüsusi texnika cəlb olunub. Hazırda hadisənin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Ruslan MƏMMƏDOV
