Rusiya ABŞ ilə strateji sabitlik dialoqunu dayandırdı

Rusiya ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında qlobal təhlükəsizlik və silahlara nəzarət məsələləri üzrə danışıqlar tamamilə dondurulub. Moskva Vaşinqtonla strateji sabitliyə dair dialoqu dayandırıb və hazırda bu prosesin bərpası üçün heç bir ilkin şərt mövcud deyil.

ELAZ.İNFO xəbər verir ki, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov rəsmi açıqlamasında tərəflər arasındakı təhlükəsizlik təmaslarının kəsildiyini təsdiqləyib. Nazir müavini qeyd edib ki, Moskva Vaşinqtona müddəti başa çatmış müqavilə üzrə mərkəzi kəmiyyət tavanlarına dair könüllü öhdəliklərə ən azı bir il müddətinə əməl etməyi təklif etsə də, Amerika tərəfi bu təşəbbüsü qəbul etməyib. Yaranmış mövcud vəziyyətdə Rusiya öz mövqeyini daha da genişləndirməyi və hər hansı bir məsələni qeydə almağı artıq lüzumsuz hesab edir.

Diplomat silahlara nəzarətin gələcəyi və strateji sabitlik mövzusunda müzakirələrin yenidən canlanması üçün şərtləri də açıqlayıb. Ryabkovun sözlərinə görə, yalnız ABŞ-ın Rusiya istiqamətində yürütdüyü siyasətdə müsbətə doğru real və gözləgörünən dəyişikliklər baş verəcəyi təqdirdə Moskva belə bir danışıqlar imkanını nəzərdən keçirməyə hazır ola bilər. Lakin hazırkı mərhələdə iki qlobal güc arasında bu qəbildən olan heç bir yaxınlaşma əlaməti qeydə alınmır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın