“Ermənistan-Rusiya münasibətləri müsbət məcrada dəyişir”

Ermənistan ilə Rusiya arasındakı diplomatik və siyasi münasibətlər yeni bir transformasiya dövrünə qədəm qoyub. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya Federasiyası ilə olan əlaqələrinin hazırkı vəziyyətini şərh edərkən bu prosesin müsbət istiqamətdə irəlilədiyini iddia edib.

ELAZ.İNFO xəbər verir ki, yerli “Armenia” telekanalına müsahibə verən Baş nazir Nikol Paşinyan Moskva-İrəvan xəttindəki dəyişiklikləri regional şərtlərlə əlaqələndirib. Paşinyan bildirib ki, münaqişə şəraitində olan Ermənistan-Rusiya münasibətləri ilə münaqişənin olmadığı mühitdəki əlaqələr tamamilə fərqlidir və hazırda bu münasibətlər pozitiv bir keçid mərhələsindədir.

Ermənistan parlamenti ölkənin Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlamasını nəzərdə tutan qanun layihəsini artıq qəbul edib. Baş nazir bu qərarın birbaşa üzvlük mənasına gəlmədiyini və məsələnin referendum yolu ilə həll edilməli olduğunu vurğulasa da, Rusiya tərəfi bu addımları Ermənistanın Avrasiya İqtisadi İttifaqından (AVRAZİYA-EƏİ) çıxışının başlanğıcı kimi qiymətləndirir. Rusiya rəsmiləri Aİ-yə inteqrasiyanın EƏİ üzvlüyü ilə bir araya sığmadığını bəyan ediblər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın