ELAZ.İNFO xəbər verir ki, NATO-nun 32 üzvü var. Onların illik ümumi müdafiə büdcəsi $1,4 trilyondur, ümumi büdcənin 60%-i ABŞ-ın, 40%-i qalan 31 ölkənin payına düşür.
Ukrayna müharibəsində ABŞ açıq-aydın gördü ki, ABŞ-sız Avropa Rusiyaya qarşı heç bir gücə malik deyil. Avropa bütün bacardığı imkanlarla ABŞ-ı Rusiya ilə birbaşa müharibəyə cəlb etməyə çalışır. ABŞ-da bir qrup düşünür ki, konvensional müharibədə Rusiya ABŞ üçün heç bir təhlükə yaratmır, Rusiyanı ABŞ-dan okean ayırır. Avropa isə Rusiya ilə qonşudur. Belə olan halda niyə ABŞ Rusiya ilə sonu qeyri-müəyyən olan müharibəyə girməlidir?
Qrenlandiyanı “Rusiya və Çindən qorumaq” üçün bütün Avropanın adaya 37 hərbçi göndərdiyini görəndən sonra 20 yanvarda Ağ Evdə verdiyi brifinqdə Tramp dedi ki, Amerika həmişə NATO ölkələrini müdafiə edib, onların köməyinə gəlib, bəs ABŞ-a qarşı təhlükə olarsa, NATO ölkələri onun köməyinə gələcəkmi? Sonra da əlavə etdi ki, mən bunu, sadəcə, düşünmək üçün dedim.
Həmin gün Tramp Bobby D adlı bir şəxsin “Biz nə vaxt anlayacağıq ki, düşmən kənarda deyil? Rusiya və Çin – yalançı təhlükədir, əsl təhlükə – BMT və NATO-dur.” postunu Truth Social hesabında şərhsiz paylaşdı (şərh bölməsində).
21 yanvarda məlum oldu ki, ABŞ-ın müharibə naziri NATO-nun bir çox proqramlarında ABŞ-ın iştirakını minimuma endirmək barədə sərəncam verib. Bu isə həmin proqramların ABŞ tərəfindən maliyyələşdirilməsinin azaldılmasına və ya dayandırılmasına, həmçinin onlarda iştirak edən ABŞ hərbçilərinin ixtisar edilməsinə səbəb olacaq.
23 yanvarda isə müsahibələrindən birində Tramp dedi ki, niyə NATO həmişə Avropa ölkələrini müdafiə etməlidir? Onu ABŞ-la Meksika sərhədlərinin miqrantlardan qorunmasına da cəlb etmək olar. Məncə, bu ABŞ hərbçilərinin Avropadan çıxarılıb, ABŞ-a gətirilməsinə haqq qazandırmaq üçün düşünülmüş bəhanədir – adı NATO qoşunu olacaq, lakin ABŞ-da yerləşdiriləcəklər.
Ardı var…
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi