VİTGENŞTEYN HAQQINDA NƏLƏRİ BİLİRİK?

ELAZ.İNFO

Uzun illər boyu orta məktəbdə və sonralar Kembric Universitetində dərs demiş avstriyalı filosof Lüdviq Vitgenşteyni qərbdə çox zaman XX əsrin ən görkəmli filosofu adlandırırlar. Şübhəsiz ki, bunun bir əsası da var.
Dil təhlil predmetinə çevriləndə Vitgenşteynin tədqiqatları həmişə fəlsəfi araşdırmaların mərkəzində dayanmışdır. XX əsr fəlsəfəsi üçün səciyyəvi olan dilçiliyə meyil Vitgenşteyn tərəfindən işlənib hazırlanmış dilin analitik fəlsəfəsi sayəsində həyata keçirilmişdir.
1953-cü ildə nəşr olunan “Fəlsəfi tədqiqatlar” filosofun dilin təhlilinə yeni münasibətini ifadə edir. Vitgenşteyn dilin ənənəvi anlayışına kifayət qədər tənqidi yanaşır. Dilin sadə, sadəlövh konsepsiyası adın (sözün) müəyyən dərkinə əsaslanır. Belə hesab olunur ki, sözün göstərdiyi obyekt ona uyğun gəlir. Sözlərdən cümlələr yaranır və onların məcmusu dili təşkil edir. Sözlər və cümlələr nəyi isə göstərir. “Bu top”, “Mənim əlim”, “Yer kürəsi öz oxu ətrafında fırlanır”, “Elektron mövcuddur” deyəndə biz hər dəfə müəyyən obyektlər və onlarda baş verən prosesləri sözlərin, yaxud cümlələrin mənası hesab edirik. İrəli sürülən təsəvvürlər kifayət qədər ciddi təsir bağışlayır və burada, görəsən, nəyi “irad tutmaq” olar? Vitgenşteyn onları kəskin tənqid atəşinə tutur.
Məsələ budur ki, adla onun mənası arasındakı uyğunluq aydın deyildir. Vitgenşteynə görə, sözlərin mənası onların istifadəsi ilə müəyyənləşir. Sözün mənası guya sözün ifadə etdiyi məna yox, onun istifadəsidir. Fərz edək ki, söz həqiqətən məna ifadə edir, bu halda biz labüd şəkildə ziddiyyətlə üz-üzə gəlirik. Axı sözlərin uşaqlar və yaşlılar, alimlər və qeyri-alimlər tərəfindən istifadəsini müşahidə edən kimi bəzi uyğunsuzluqlar üzə çıxır. “İnsanın əli nədir?”… “Elektron nədir?” Bu kimi suallara son dərəcə müxtəlif cavablar verilə bilər. Əgər bu belədirsə, deməli, sabit, məlum mənaya malik sözlər mövcud deyildir. Sözün obyekt ifadə etdiyini təkid edəndə, lap əvvəldən belə hesab edirlər ki, obyekt məlumdur. Lakin əslində, məhz bu nəsnə mövcud deyildir.
İnsanlar sözlərdən istifadə edir, bununla da bir-birinə haqlı olduqlarını sübut etməyə cəhd göstərir, bir-birinə ya inanır, ya da inanmırlar. Sözlərdən nə qrammatikanın, nə də məntiqin qaydalarına uyğun istifadə olunur. Həyatın qaydalarını da yaddan çıxarmaq olmaz. Dil həyatın formasıdır. Həyat dildə gerçəkləşir. Dil, həmçinin, oyun fəaliyyətinin formasıdır. Konkret dil oyununu əvvəlcədən müəyyənləşdirmək qeyri-mümkündür. Bu və ya digər hadisəni təsvir etmək üçün istifadə olunan dil oyunlarındakı sözlər tam ümumiliyə malik deyildir; onlar ailədə qardaş və bacıların bir-birinə oxşamasından başqa bir şey deyildır. Bu o deməkdir ki, Vitgenşteyn ümumi anlayışların gerçəkliyini inkar edir. Beləliklə, dil fəaliyyətdir, həyat oyununun formasıdır. Oyunun qaydaları öncədən müəyyənləşdirilməmişdir, onlar cəmiyyətdə formalaşır. Sözlərin mənası həyat prosesində, dil oyununda yaradılır. Dil oyunu prosesində inanc, inam, etiqad kimi fenomenlər xüsusi əhəmiyyətə malikdir. Biz ayrı-ayrı cümlələrə yox, cümlələr sisteminə inanırıq. Dil oyunlarında gerçəkləşən həyatın bütövlüyü tədricən müəyyənləşir.
İnsanın başlıca fenomenləri olan həyat, dil, inanc ilkindir, onları heç bir şeyə müncər etmək olmaz. “Elmin qanunları” adlandırdığımız şey də dil oyunlarının, insan həyatının məqamlarıdır. Əgər riyaziyyat riyazi hesablamalarla məşğul olursa, fəlsəfə dil oyunları qaydaları ilə məşğul olur. Oyun qaydalarını bilməyənlər səhvə yol verirlər və həyatda uğursuzluğa düçar olurlar. Fəlsəfi fəaliyyət dil formasında həyatın təhlili kimi çıxış edir. Fəlsəfə sözlərə aydınlıq gətirərək, dildəki müxtəlif mənasızlıqları ləğv edərək, sözlərdən istifadə üsullarını aydınlaşdırmalıdır. Öz məzmunu etibarilə məntiqin və riyaziyyatın “kamil” dilindən üstün olan təbii dil fəlsəfi təhlilin əsl predmetidir. Burada “kamil” sözü Vitgenşteynin məntiqə və yaxud riyaziyyata yuxarıdan aşağı baxdığına görə dırnaq arasına alınmamışdır. Bu, heç də belə deyildir. Vitgenşteyn məntiqi, riyazi və texniki elmlərin incəliklərini pis bilmirdi. Məntiqin və riyaziyyatın dilinin kamilliyini şişirtmək lazım deyildir. Məntiqin və riyaziyyatın dili alimlərin müəyyən etdiyi oyun qaydalarından ibarətdir. Məntiqin və riyaziyyatın qaydaları vaxtaşırı, məsələn, yeni sistem ixtira olunanda dəyişdirilə bilər.
Vitgenşteyn Qərb fəlsəfəsinin uzun illər üçün xarakterini müəyyənləşdirən fəlsəfi düşüncənin yeni üsulunu təklif etmişdir. Dil praktikasının (onun əsasında isə bir sıra digər fəlsəfi problemlərin) əsaslı təhlili, elmi cümlələrlə gündəlik həyatda işlənən cümlələrin yaxınlığının üzə çıxarılması, dil oyunlarının konstruktiv, yaradıcı xarakterinin vurğulanması, dilin və gerçəkliyin, subyektin və obyektin nisbəti haqqında ehkamı təsəvvürlərin tənqidi -bütün bunlar Vitgenşteynin dil fəlsəfəsinin üstün cəhətləridir.

Etibar ƏLİYEV

Bizimlə oxuyun
Verified by MonsterInsights