Vətənin o başı bu başı olmur

Düz il yarımdır ki, taleyin hökmü ilə vətəndən əbədi olaraq ayrı düşmüş soydaşlarımızın həyat və fəaliyyətini araşdırır, onların qərib məzarlarını axtarıram. Heç bir maliyyə dəstəyi almadan, öz imkanlarım daxilində arxivləri gəzir, imkan daxilində dünyanın müxtəlif diyarlarında uyuyan qəbirlərini ziyarət edirəm. Keçən müddət ərzində qırxa qədər azərbaycanlının nakam taleyinə publisist düşüncə tərzindən işıq tutmağa çalışmış, qürbətdəki son mənzillərinin yerini, ünvanını dəqiqləşdirməyə müvəffəq olmuşam.

XX əsrin amansız represiya qurbanlarının, müharibə cəbhələrində həlak olanların, ən müxtəlif səbəblərdən vətən torpağında uyumağı qismətində olmayan soydaşlarımızın ürək sızladan vətən həsrətinin ağrısını böyük təəssüf və kədərlə yaşamaq nə qədər çətin olsa da bu missiyanın lazımlılığı da bir o qədər əhəmiyyətlidir. Qardaş Türkiyə, qonşu Gürcüstan, Qazaxstan, Özbəkstan, Rusiya, Belarus, Moldova, Ukrayna, Almanıya, Fransa, İtaliya, Polşa, İraq, Suriya, Argentina, Çili, ABŞ, Sloveniya,Rumuniya məzarlıqlarında əbədiyyətə qovuşan həmvətənlərimizin hər birinin taleyində vətən həsrətinin niskilini yaza-yaza bir daha yaşamaq çox ağırdır. Bir növ o insanların çəkdiyi acıları içindən keçirirsən. Və nə gizlədim o qədər olub ki, göz yaşlarım yazdığım sətirlərin mürəkkəbini ağ kağızda nəmləndirib.

Ömür vəfa etsə yüzə qədər qərib məzarı, o məzarlarda uyuyan böyük azərbaycanlıların həyat və fəaliyyətini, mübarizə yolunu araşdıracam.

Bu gün isə qəbri vətənində, amma doğulduğu doğma diyarından uzaqda olan bir böyük azərbaycanlı Milli Qəhraman Əlif Hacıyevi xatırlamağı mənəvi borc bilirəm. 24 iyun Əlif Hacıyevin doğum günüdür. Yaşasaydı 72 yaşı tamam olurdu. O, bütün varlığı ilə elinə, obasına bağlı insan idi. Hələ sovet dövründə erməni məkrinə qarşı mübarizliyilə seçilirdi. Dəfələrlə şərəfsiz erməni azğınlarının şərləməsinə məruz qalmışdır. Həbsxanalarda cəza çəkmiş, amma əqidəsindən bir an belə olsun dönməmişdir. Çox qarışıq bir dönəmdə beş-on silahdaşı ilə Xocalını son nəfəsinə qədər qorumağa çalışmış, günahsız əhalinin həmin o dəhşətli gecədə xilası üçün həyatı bahasına nə mümkündürsə onu da etmişdir.

Onun qəbri 1918-ci ilin mart soyqrımının qurbanlarının uyuduğu keçmiş Çəmbərəkəd qəbirstanlığında, indi and yerimiz olan Şəhidlər Xiyabanındadır. Xocalı mənfur erməni işğalı altında olanda qədirbilən xalq onun nəşini paytaxtımızın müqəddəs məkanında torpağa tapşırdı.

İndi Xocalı, bütövlükdə əsirlikdə qalan torpaqlarımızın hər qarışı azaddır. Heç şübhəsiz də ki Əlifin ruhu möhtəşəm qələbəmizdən məmnundur.

Mən isə öz şəxsi təəşəbbüsümlə yaşadığım küçəyə Əlif Hacıyevin adının verilməsindən məmnunluq hissi yaşayıram. Hər dəfə ünvan göstəricimdə Əlif Hacıyev küçəsi gördükdə bu igid azəbaycanlının ruhunu baxışlarımda sevindirdiyimə hansısa daxili əminliyim var. Əlif azadlığımız üçün, əsarətsiz vətən üçün, el-oba namusunu hifz etmək üçün döyüşüb. Onun adını daşıyan küçənin sakinləri, məzarını ziyarət edənlər, bütövlükdə Azərbaycan xalqı əziz xatirəsini daim yaşadacaq.

Vətənin o başı bu başı olmur. Elə uyuduğu Şəhidlər Xiyabanı, azad Xocalı, azad Şuşa, gəncliyinin şəhəri azad Xankədi ruhunun dolaşdığı vətəndir.

Pərviz YƏHYALI

Bizimlə oxuyun
Verified by MonsterInsights