ELAZ.İNFO xəbər verrir ki, Britaniya uşaqlar üçün sosial media qadağasına hazırlaşır: Avstraliya təcrübəsi tətbiq olunacaq Böyük Britaniya hakimiyyəti azyaşlıların internetdə təhlükəsizliyini qorumaq məqsədilə radikal addımlar atmağı planlaşdırır. Rəsmi London uşaqlar üçün sosial şəbəkələrdən istifadəyə tam qadağa qoyulması və məktəblərdə mobil telefonların məhdudlaşdırılması variantlarını nəzərdən keçirir.
Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya naziri Liz Kendall bəyan edib ki, mövcud qanunlar uşaqların qorunması üçün kifayət deyil və daha sərt tədbirlərin görülməsi qaçılmazdır. Bu çərçivədə Britaniya hökuməti uşaqlar üçün sosial medianı qadağan edən ilk ölkə olan Avstraliyanın təcrübəsini öyrənmək qərarına gəlib. Britaniyalı nazirlərin yaxın vaxtlarda təcrübə mübadiləsi üçün Kanberraya səfəri gözlənilir.
Uşaqların psixi sağlamlığına mənfi təsir göstərən rəqəmsal asılılıq təkcə Britaniyanın deyil, bir çox ölkənin gündəmindədir: Danimarka: Keçən həftə 15 yaşından kiçik uşaqlar üçün sosial media qadağası planlarını açıqlayıb. Avropa Komissiyası: YouTube və Snapchat kimi platformaların Rəqəmsal Xidmətlər Aktına (DSA) uyğunluğunu və uşaqların təhlükəsizliyini necə təmin etdiyini yoxlamağa başlayıb.
Yeni təkliflər paketinə həmçinin məktəblərdə mobil telefonların istifadəsinə dair daha ciddi tövsiyələrin və məhdudiyyətlərin daxil edilməsi nəzərdə tutulur. Məqsəd tədris prosesində uşaqların diqqətini yayındıran amilləri aradan qaldırmaq və onları kiber-zorakılıqdan qorumaqdı
Ruslan MƏMMƏDOV