Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlament iclasında şagirdlərin imtahanlarının çoxluğundan şikayətlənib. Deputat qeyd edib ki, uşaqların dərs və imtahanlarla yanaşı asudə vaxtlarını səmərəli keçirməyə, idmanla məşğul olmağa və s. imkanları olmalıdır.
İmtahanların sayı azaldılmalıdırmı?
Məktəbdə proseslər elə qurulub ki, şagirdi həddindən artıq yükləyirlər.
Aşağı balla universitetə daxil olurlar. İntellektual inkişaf olmur, ancaq əzbərçilik olur. Uşaqlar həddindən artıq psixi gərginlikdə olurlar, repetitor yanında tükənirlər. Müəyyən qədər dərslərdə də vaxt itirirlər və ona görə də nə musiqi ilə, nə idmanla, nə rəsmlə, nə də digər maraqlı məşğələlərlə, əyləncələrlə məşğul ola bilmirlər. Amma insan inkişafı üçün bunların hamısı vacib amillərdir. Mən düşünürəm ki, ilk növbədə kölgə təhsili ləğv olunmalıdır. Məktəb öz normal funksional fəaliyyətini bərpa etməlidir. Altı saat uşaq məktəbdə dərs keçməlidir, gəlib evdə dərslə məşğul olmalıdır, əlavə vaxtında da idmana, musiqiyə, rəssamlığa, kompüter kursuna və digər əlavə məşğələlərə gedə bilər. Bu, həm onun harmonik inkişafına, həm şəxsiyyət kimi formalaşmasına, həm də ölkədə insan kapitalının formalaşmasına kömək edə bilər.
25-30 ildir repetitorluq bütün təhsil sistemini, məktəbi iflic edib.
Uşaqlar universitetə gələndə artıq repetitor yanında tükənmiş olurlar. Onların normal istirahəti, yuxu rejimi, qidalanma rejimi olmayıb, yollarda xeyli vaxt itiriblər, müəllimlırin evlərinə gedərək. Süni şəkildə problemlər yaradılıb.
Məktəb normal işini bərpa etsə, normal dərsliklər olsa, uşaqlar özləri, hətta müəllimin dəstəyi olmadan belə müstəqil şəkildə oxuyub öyrənə bilərlər. Bu gün böyük texnoloji imkanlar var: internet üzərindən materiallar əldə etmək, video dərslərə qulaq baxmaq, süni intellektlə, ChatGPT ilə bilmədiyi suallara cavablar tapmaq və s. Bunların hamısını səfərbər edib uşaqları repetitorluq monopoliyasından xilas etmək, onların fiziki, fizioloji, intellektual, zehni inkişaf problemlərini həll etmək lazımdır.
Bizim ölkədə bu sahədə hələ də problemlər var. Bunlar elmi bazada təhlil olunmalı, araşdırılmalı, təkliflər verilməlidir. Deputat haqlıdır. Maraqlı budur ki, parlamentdə yaxşı təkliflər verilir, amma Təhsil Nazirliyi nə ekspertlərin, nə mütəxəssislərin, nə də parlamentin verdiyi təkliflərin heç birini eşitmək istəmir, heç nəyə əməl etmir, gündən-günə də təhsilimiz daha da bataqlığa doğru gedir.
Dosent İlham ƏHMƏDOV