Atalar sözü həmişə dərindən mənalıdır. “Kor nalbəndin atı, kor atın nalbəndi topal olar” deyimi sadəcə at və nalbənd haqqında deyil, həyatda idarəçilik, bilik, məsuliyyət və səriştəsizlik məsələlərini göstərir. Hər sahənin öz “korları” vardır: kor görənlər, kor qərar verənlər, kor afəhimli insanlar… Lakin sağlam, qüvvətli atlar yalnız o zaman topallayar ki, nalbəndliyi korların əlinə buraxırlar. Yəni güc, bacarıq və potensial, yanlış əllərdə ziyana çevrilir.
Əsl faciə burada deyil ki, “korlar var”, faciə odur ki, görənlər korların arxasınca gedir, səhvlərə səssiz qalır. Sağlam, qabiliyyətli və zəhmətkeş insanlar yalnız doğru rəhbərlərin, düzgün təlimat verənlərin yanında inkişaf edə bilər. Əgər nalbəndliyi də, rəhbərliyi də bacarıqsızlara tapşırırlarsa, nəticə qaçılmaz olaraq dağıdıcı olur. Bu sözlər həm də bir çağırışdır, gözünü aç, seçimini diqqətlə et, məsuliyyəti düzgün əllərə etibar et. Çünki həyatın atı, bacarığımızın atı, yalnız doğru nalbəndlərlə irəliləyə bilər, səhv əllərdə isə ən güclü at belə topallanır.
İnsanlıq dərsi buradadır ki, gözəgörünməz məsuliyyətləri korlara həvalə etməyək, sağlamı sağlamın yanında qoyaq, atlar topallamasın.
Əli İBRAHİMOV
Hüquqşünas, Vəkil
