Sabah Laçın Beynəlxalq Hava Limanının açılışı olacaq

ELAZ.İNFO BAKI, 27.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Prezident Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək
Prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif sabah Laçın Beynəlxalq Hava Limanının açılışını edəcəklər.

Türkiyənin “TRT haber” kanalı yazır ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda inşa etdiyi üçüncü hava limanı olan Laçın Beynəlxalq Hava Limanı sabah keçiriləcək mərasimlə istifadəyə veriləcək.

Mərasimdə prezident Ərdoğan və Azərbaycan prezidenti Əliyev iştirak edəcək. Açılış mərasimində Pakistanın baş naziri Şərif də iştirak edəcək.

Kanalda qeyd olunub ki, 1800 metr yüksəklikdə yerləşən hava limanı dağlıq əraziyə qayaların oyulması və ərazinin hamarlanması yolu ilə tikilib. Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın ən hündür hava limanıdır.

Bildirilib ki, təməli 2021-ci ildə qoyulan hava limanı Laçın şəhər mərkəzindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən 60 kilometr məsafədə yerləşir. Hava limanının uzunluğu 3 min metr, eni 60 metr olan uçuş-enmə zolağı və saatda 200 sərnişinə xidmət göstərə bilən terminal binası var.

O da vurğulanıb ki, Azərbaycanın Baş Naziri Əli Əsədovun mayın 26-da imzaladığı sərəncamla Laçın hava limanına “beynəlxalq hava limanı” statusu verilib. Bu statusla bağlı beynəlxalq təşkilatlara da məlumat verilib. Bununla da Azərbaycanda beynəlxalq hava limanlarının sayı 9-a çatıb.

Laçın Beynəlxalq Hava Limanının rayonda turizm və ticarətin inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

İlahə BAYINDIR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights