ELAZ.İNFO xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev ölkənin səhiyyə sistemindəki mövcud problemləri kəskin tənqid edərək, köklü islahatlar təklif edib. Millət vəkili xüsusilə kadr qıtlığı və idarəetmədəki pərakəndəlik məsələlərinə toxunub.
Razi Nurullayevin sözlərinə görə, hazırda səhiyyə sisteminin üç fərqli qurum — Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən idarə olunması səmərəli deyil. Deputat bu strukturların vahid mərkəzdən idarə olunmasını tələb edir:
Azərbaycanda bir səhiyyə qurumu olmalıdır. Onlar birləşdirilməli, ölkədə vahid bir komanda olmalıdır. Qurumlar bir-birindən üstün görünmək üçün yox, xalqa daha yaxşı xidmət etmək üçün mübarizə aparmalıdırlar.
Deputat həkimlərin paytaxta və böyük şəhərlərə meyillənməsinin səbəbini regionlarda motivasiyanın olmaması ilə əlaqələndirib. O, kəndlərdə işləyəcək tibb personalı üçün xüsusi güzəştlər təklif edib: Yüksək maaş və əlavə ödənişlər; Pulsuz mənzil və digər məişət güzəştləri; Hər bölgənin öz daxilindən həkim yetişdirməsi mexanizminin qurulması.
Razi Nurullayev vurğulayıb ki, lazımi şərait və stimul yaradılmadan gənc mütəxəssisləri şəraitsiz kəndlərdə işləməyə cəlb etmək qeyri-mümkündür.
Ruslan MƏMMƏDOV