Rodion Miroşnik müsahibəsində təhsil hüquqları ilə bağlı qəbul edilmiş yeni qanunu tənqid edib.


Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik müsahibəsində Ukraynada milli azlıqların təhsil hüquqları ilə bağlı qəbul edilmiş yeni qanunu tənqid edib.
ELAZ.İNFO xəbər verir ki, diplomat öz açıqlamasında Ukrayna rəhbərliyinin ölkədə rusdilli əhalinin hüquqlarını məhdudlaşdırmağa və rus dilindən istifadə meyllərinin qarşısını almağa çalışdığını iddia edib.
Miroşnik bəyanatında Ukraynanın dil ombudsmanı Yelena İvanovskayanın açıqladığı statistik göstəricilərə istinad edərək bildirib ki, təhsil müəssisələrində dərs zamanı şagirdlərin 39 faizi, tənəffüslərdə isə 51 faizindən çoxu rus dilində ünsiyyətə üstünlük verir. Səfir xüsusilə Kiyev şəhərindəki məktəblərdə tənəffüs zamanı şagirdlərin təxminən 83 faizinin rus dilində danışdığını və son iki ildə bu göstəricinin yüksəldiyini vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski milli azlıqların və yerli xalqların təhsil hüquqlarının təmin edilməsinə dair yeni qanun layihəsini imzalayıb. Ukrayna Təhsil Nazirliyinin rəsmi açıqlamasına əsasən, qanunda nəzərdə tutulmuş əlavə təhsil güzəştləri və hüquqları rus dilinə şamil olunmur. Rəsmi Moskva differsial yanaşmanı rusdilli əhalinin hüquqlarının pozulması kimi dəyərləndirir.
Ruslan MƏMMƏDOV





