Rusiya niyə bu birtərəfli humanitar addımı atır?

Dünən İstanbulada Rusiya-Ukrayna danışıqlarından sonra Ukrayna nümayəndə heyətinin rəhbəri müdafiə naziri Rustem Umerov bir neçə humanitar məsələdə razılıq əldə olunduğunu bildirdi. Bunlar aşağıdakılardır:

➖ İndiyədək ən böyük cəsəd mübadiləsi (6000:6000);

➖ Bütün ağır xəstə, ağır yaralı və 25 yaşadək olan əsirlərin hamısının mübadiləsi;

➖ Əsirlərin mübadiləsi.

1-ci bənd məndə dərhal şübhə yaratdı. Çünki Ukrayna tərəfində bu qədər cəsəd yoxdur axı. Statistikaya baxaq:

🔹 05.05.2023 tarixindən indiyədək tərəflər arasında cəmi 23 dəfə cəsəd mübadiləsi olub.

🔹 Bu mübadilələrdə Ukrayna Rusiyaya cəmi 1408, Rusiya isə Ukraynaya cəmi 7790 cəsəd təhvil verib – yəni 5,5 dəfə çox.

🔹 2025-ci ildə baş vermiş 5 mübadilədə isə Rusiyaya cəmi 212, Ukraynaya cəmi 4241 cəsəd verilib – yəni 20 dəfə (!) çox.

Bütün mübadilə müddətində Ukraynada heç 1500 rusiyalı cəsədi olmayıb, indi 6000 cəsədi haradan tapacaqlar?

Sonra Ukraynanın və Rusiyanın danışıqlar üçün təqdim etdikləri memorandumları oxudum. Məlum oldu ki, əslində, bu Rusiyanın birtərəfli təklifidir (memorandumda yazılıb). Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqlardan sonra brifinqdə də bildirdi ki, bu bizim birtərəfli qaydada təklifimizdir, əgər Ukrayna tərəfində rusiyalı cəsəd varsa, biz qəbul edəcəyik.

Sadəcə, Umerov pərt olmamaq üçün Rusiyanın birtərəfli cəsəd təhvilini cəsəd mübadiləsi kimi təqdim etdi.

Əsir mübadiləsində də məsələ oxşardır. Rusiyada təxmini hesablamalara görə 10 mindən artıq ukraynalı əsir var, Ukraynada isə, demək olar ki, heç yoxdur. Danışıqların 1-ci raundunda 1000:1000-ə əsir mübadiləsi nəzərdə tutulmuşdu. Ukrayna heç 500 rusiyalı əsir tapa bilmədi. Buna görə də əsir əvəzinə həbs olunmuş ukraynalı siyasi dustaqları və Kurskun işğalı vaxtı apardıqları kənd əhalisini qaytardılar.

Bəs Rusiya niyə bu birtərəfli humanitar addımı atır?

Cəsədlər soyuducu sistemlərdə saxlanılır. 6000 cəsədin aylarla saxlanılması xeyli əlavə vəsait tələb edir. İndiyədək onlar saxlanılırdı ki, Ukraynada olan rusiyalı cəsədlərlə mübadilə ehtiyatı olsun. Dinamika göstərir ki, bundan sonra Ukraynada rusiyalı cəsədlərin sayı çox olmayacaq. Buna görə də belə böyük ehtiyatın saxlanmasına zərurət yoxdur.

Rusiya əvvəlki mübadilələrdə də Ukraynaya daha çox cəsəd verə bilərdi, lakin Ukrayna bir dəfəyə 910-dan çox cəsəd istəmirdi. Çünki bu halda ukraynalıların ölüm sayının çoxluğu əhali arasında arzuolunmaz etirazlara səbəb ola bilərdi. Həm də nə qədər çox cəsəd alırsansa, büdcə xərcləri də bir o qədər artır. Hər əsgər ölümünə görə hökumət ölənin ailəsinə böyük məbləğdə pul (1adama görə ~$360 min) ödəyir. Nə qədər ki, cəsəd tapılmayıb, adam itkin sayılır və ailəsinə qan pulu ödənilmir.

İndi isə Rusiya 6000 cəsədi Ukraynaya təhvil vermək istədiyini rəsmi və açıq şəkildə elan edir. Ukrayna üçün seçim qalmayıb. Onlardan imtina edə bilməz – bu halda hökuməti düşmən hesab etmək olar. Qəbul etsə isə bu həm böyük xərclərə, həm də narazılıqlara səbəb olacaq.

Ağır xəstə və ağır yaralı əsirlərlə bağlı məsələ də eynidir. Bu əsirlər təhvil verildikdən sonra onsuz da yenidən döyüşlərə cəlb edilə bilməyəcəklər. Onların saxlanması və müalicəsi isə Rusiya üçün əlavə xərclərə səbəb olur. Onları Ukraynaya qaytardıqda isə (Ukrayna onları qəbul etməyə bilməz) eyni xərcləri Ukrayna hökuməti çəkəcək, üstəlik ağır xəsarətə görə onlara birdəfəlik və aylıq müavinətlər də ödəməlidir.

Hələlik 25 yaşadək olan əsirlərin niyə mübadilə edildiyini (əslində təhvil verildiyini, çünki Ukrayna tərəfində belə əsirlər yox kimidir) başa düşmürəm. Ola bilər, onların sayı həddən azdır.

Asif ŞƏFƏQQƏTOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights