Rəsulzadə nadir dövlət adamıdır

ELAZ.İNFO

Rəsulzadə Şərqin ənənələri ilə Qərbin azadlıq ideyalarını özündə birləşdirən nadir dövlət adamıdır: – Fransada nəşr edilən “Revue du Monde Musulman” jurnalı

Ramazan bayramınız mübarək. Bu günə özəl bir yazı və kitab təqdim edirəm Sizlərə.

Fransanın nüfuzlu elmi nəşrlərindən olan “Revue du Monde Musulman” (Müsəlman Dünyası İcmalı) jurnalının 1920-ci il mart sayında (Cild 38) Azərbaycan Cümhuriyyəti və onun qurucusu Məhəmməd Əmin Rəsulzadə haqqında geniş məqalə dərc edilib. Fransız şərqşünasları tərəfindən hazırlanan bu yazı, bugün də tarixi əhəmiyyətini qoruyur.

Jurnalın 210-cu səhifəsindən başlayan “La Presse de l’Azerbaïdjan” (Azərbaycan Mətbuatı) bölməsində Rəsulzadə haqqında yazılanlar dövrün Avropa mətbuatında Azərbaycan liderinə verilən dəyəri açıq göstərir:

“Azərbaycan Respublikasının siyasi və mədəni dirçəlişinin mərkəzində Məhəmməd Əmin Rəsulzadə dayanır. O, Azərbaycanı həm Şərq, həm də Qərb dəyərlərini özündə birləşdirən demokratik bir müsəlman dövləti kimi formalaşdırıb. Azərbaycan Milli Şurasının sədri və ‘Müsavat’ partiyasının rəhbəri kimi, Rəsulzadə ölkənin istiqlal ideologiyasının əsas memarıdır. Onun rəhbərliyi altında Azərbaycan dünyaya yeni bir model təqdim edir: demokratik prinsiplərə söykənən, lakin milli və dini kimliyini qoruyan müsəlman dövləti modeli.”

Məqalədə Rəsulzadənin mətbuat sahəsindəki fəaliyyəti xüsusi vurğulanır. Onun redaktorluğu ilə çıxan qəzetlərin Azərbaycanda milli şüurun oyanmasında və müstəqillik ideyasının xalqa çatdırılmasında oynadığı rol təqdirəlayiq hesab edilir:

“Rəsulzadə Azərbaycan mətbuatını milli oyanışın və istiqlal ideyasının ən güclü carçısına çevirib. Onun rəhbərlik etdiyi qəzetlər bu yolda misilsiz xidmətlər göstərib.”

Jurnal Rəsulzadənin beynəlxalq aləmdəki fəaliyyətinə də geniş yer ayırır. Paris Sülh Konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin çalışmaları, hazırladıqları rəsmi sənədlər və bunların məzmunu haqqında ətraflı məlumat verilir. Müəlliflər xüsusilə vurğulayırlar ki, Rəsulzadə rəhbərliyindəki Azərbaycan bolşevizm təhlükəsinə qarşı dayanan möhkəm bir sipər rolunu oynayır:

“Azərbaycan Rəsulzadənin rəhbərliyi altında bolşevik ideologiyasına qarşı duran və öz suverenliyini qorumağa çalışan bir azadlıq qalasıdır. Avropa dövlətləri bilməlidir ki, Azərbaycanın müstəqilliyini tanımaq bütün regionun sabitliyi üçün həyati əhəmiyyət daşıyır.”

28 may 1918-ci il İstiqlal Bəyannaməsi haqqında yazarkən müəlliflər bu sənədin tarixi əhəmiyyətini xüsusi qeyd edirlər:

“Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi, bütün vətəndaşlara bərabər hüquqlar tanıyan Şərqin ilk demokratik sənədidir. Bu bəyannamə ilə Azərbaycan təkcə siyasi müstəqilliyini elan etmir, eyni zamanda müasir dövlət quruculuğunun prinsiplərini də bəyan edir.”

Məqalədə Rəsulzadənin ideya dünyası da təhlil edilir. Onun “türkçülük, islamçılıq və müasirlik” üçlüyü Azərbaycan dövlətçiliyinin fəlsəfi təməli kimi qiymətləndirilir. Müəlliflər Rəsulzadəni təkcə siyasi xadim deyil, həm də dərin intellektual lider kimi təqdim edirlər:

“Rəsulzadə Azərbaycanın müstəqilliyini sadəcə siyasi deyil, həm də intellektual müstəvidə müdafiə edən nadir şəxsiyyətdir. Onun elmi və publisistik yazıları Azərbaycanın dünyaya tanıdılmasında mühüm rol oynayır.”

Jurnalda Azərbaycan haqqında coğrafi və iqtisadi məlumatlar da verilir. Ölkənin strateji mövqeyi, əhalisi, təbii sərvətləri haqqında ətraflı bilgilər təqdim olunur. Hətta bəzi bölgələrin xəritələri və yaşayış məntəqələrinin siyahısı da nəşrə əlavə edilib ki, Avropa oxucusu Azərbaycanı daha yaxşı tanıya bilsin.

Məqalənin sonunda Rəsulzadə rəhbərliyindəki nümayəndə heyətinin Fransadakı fəaliyyəti xüsusi qeyd olunur. Onların Fransa ictimaiyyəti və rəsmiləri qarşısında Azərbaycanı layiqincə təmsil etmələri, respublikanın sivil və demokratik xarakterini sübut etmək səyləri təqdirəlayiq hesab edilir.

Bu məqalə göstərir ki, hələ 1920-ci ilin əvvəllərində, Azərbaycan Cümhuriyyətinin süqutundan bir neçə ay əvvəl, Məhəmməd Əmin Rəsulzadə beynəlxalq miqyasda tanınan, nüfuzlu bir lider idi. Onun apardığı uğurlu diplomatiya sayəsində Azərbaycan Avropanın ən mötəbər elmi nəşrlərində belə özünə layiqli yer tutmuşdu.

Zaur Əliyev

Prof.Dr.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights